Apellyasiya Məhkəməsi Hüseyn Məliki həbsdə saxlayıb

Oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyası  İdarə Heyətinin üzvü Hüseyn Məlikin həbsilə bağlı şikayəti təmin etməyib.

Onun vəkili Cavad Cavadov Turan-a bildirib ki, məhkəmədə Məlik özünü günahkar hesab etmədiyini və həbsini siyasi təqib kimi qiymətləndirdiyini bildirib.

“Məhkəmə müdafiə tərəfinin  iddialarının heç birini təmin etməyib”, – vəkil deyib.

Hüseyn Məlik oktyabrın 10-da saxlanılıb. Həmin gün məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisə tabe olmamaq) maddələrilə təqsirli bilərək 30 sutka inzibati həbs cəzasına məhkum edib.

Partiyada onun həbsini siyasi sifariş adlandırıblar. Hüseyn Məlik əvvəllər dəfələrlə inzibati həbsə məruz qalıb.

Contact.az