Putin Əliyevlə Qarabağ ermənilərinin reinteqrasiyasını müzakirə edəcək

Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Onların Qarabağdakı vəziyyəti müzakirə edəcəyi bildirilir. Məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov verib.

“Onlar, əlbəttə ki, Qarabağ ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Gündəlikdə Qarabağ ermənilərinin beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara əməl etməklə Azərbaycanın hüquqi məkanına dinc inteqrasiyası var”, – deyən Uşakov əlavə edib ki, Rusiya sülhməramlı kontingenti buna töhfə verməyə hazırdır.

Uşakovun sözlərinə görə, Moskva ümid edir ki, bugünkü görüşdə Putin Əliyevlə Rusiya sülhməramlıları ilə bağlı vəziyyəti də müzakirə edəcək.

“Bizim kontingentin mümkün gələcək istifadəsinin müxtəlif variantları, o cümlədən Qarabağ ermənilərinin sentyabrda bəlli hadisələrdən sonra tərk etdikləri yaşayış yerinə mümkün qayıdışı nəzərdən keçiriləcək”, – Uşakov vurğulayıb.

19 sentyabr əməliyyatlarından bəri Qarabağdakı Rusiya sülhməramlıları Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında altı müşahidə və 15 müvəqqəti müşahidə postlarını yığışdırıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Sülhməramlılar Qarabağdakı yaşayış məntəqələrində elektrik və qaz təchizatının bərpası üzrə işlərin davam etdiyini bildirirlər.

Rəsmi Bakı sentyabrın 19-20-də Qarabağda “lokal antiterror tədbirləri” keçirdiyini bəyan edəndən sonra silahlı dəstələrin tərksilahı üzrə razılıq əldə olunub. Bunun ardınca separatçı rejim özünü buraxdığını elan edib, ermənilərin Qarabağdan Ermənistana axını başlayıb. Ermənistan rəsmiləri bunu “etnik təmizləmə”, “deportasiya” adlandırsa da, Azərbaycan Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb, onları evlərini tərk etməməyə çağırıb.

Azadlıq radiosu