İslamçı “Həmas” qruplaşması İsrailə hücum edərkən həm də Fələstinin dövlətçilik planlarına təhdid yarada biləcək yeni regional təhlükəsizlik düzəni cəhdlərini hədəfə alıb. “Reuters” bu haqda təhlilində yazır.
Şənbə günü İsrailə hücum son on illərin ən böyük müdaxiləsi sayılır və ABŞ-ın Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinin normallaşdırılması cəhdləri fonunda baş verir. Vaşinqtonla Ər-Riyadın müdafiə sazişi qarşılığında atılan bu addımlar krallığın Tehranla son yaxınlaşmasını da durdura bilər.
Artıq İsraildə azı 700 nəfər öldürülüb, 2 min 200 nəfər yaralanıb. Fələstində 413 nəfərin öldürüldüyü, 2 min 300 nəfərin yaralandığı bildirilir. “Həmas” 100 israillini girov götürdüyünü bildirir.
Fələstinlilər çıxdaş olunmamalıdır
Fələstin rəsmiləri və regiondakı mənbənin sözlərinə görə, bu hücumun bir mesajı da odur ki, İsrail sülh istəyirsə, fələstinliləri çıxdaş etməməlidir, Səudiyyə ilə hər hansı sövdələşmə isə İranla yaxınlaşmanı poza bilər.
“Sizin (ərəb dövlətləri) İsraillə imzaladığınız bütün razılaşmalar bu münaqişəyə son qoymayacaq”, – Qəzza zolağını idarə edən “Həmas”ın lideri İsmayıl Haniyə “Əl-Cəzirə” televiziyasına deyib.
Azadlıq radiosu