Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin oktyabrın 2-dən aclıq aksiyasına başladığı bildirilir.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, B.Hacıyev aclığa həbs-qətimkan tədbirinin qanunsuz uzadılmasına etiraz olaraq başladığını deyib. Bu gün, oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həmin qərarını qüvvədə saxlayıb.
Vəkil qeyd edib ki, fəalın sözlərinə görə, onu 1 saylı Bakı İstintaq Təcridxanasından zorla məhkəməyə gətiriblər: “Çeçələ barmağında və qollarında qançırlar var. Bəxtiyarın sözlərinə görə, bu izlər onu zorla məhkəməyə gətirilərkən əmələ gəlib”.
E.Sadıqov bildirib ki, B.Hacıyev deməsinə görə, özünü yaxşı hiss etmir: “Artıq beş gündür aclıq aksiyası keçirdiyini bildirən Bəxtiyar əlavə etdi ki, bu günlər ərzində həkim ona cəmi iki dəfə baş çəkib”.
Amma bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Azadlıq radiosu