Avqustun 24-də səhər təhqiqatçılar Vaqner özəl hərbi şirkətinə məxsus təyyarənin qalıqları arasında axtarışı davam etdiriblər. Təyyarə bir gün öncə Sankt Peterburqdan Moskvaya uçarkən qəzaya uğrayıb, sərnişinlərdən sağ qalan olmadığı bildirilir. Sərnişin siyahısında düz iki ay öncə Rusiya hərbi rəhbərliyinə qarşı qısamüddətli qiyam qaldırmış qrup lideri Yevgeni Priqojinin də adı olub.
“Embraer 600” təyyarəsi avqustun 23-də axşam radardan itib. Bundan az sonra sosial mediada yayılan videoda təyyarənin itdiyi yerdə, Moskvadan təxminən 300 km şimalda bir təyyarənin yerə düşdüyü görüntülənib.
“RIA Novosti” fövqəladə xidmət rəsmilərinə istinadla səkkiz nəfərin meyitinin tapıldığını bildirir. Ancaq Priqojinin dəqiq həmin təyyarədə olması təsdiqlənməyib.
Vaqner komandiri və həmtəsisçisi Dmitri Utkinin adı da sərnişin siyahısında olub. Təyyarədəki 10 nəfərdən ikisi pilot, biri stüardessa idi. İstintaq aparıldığı bildirilir.
Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədəki 10 nəfərin hamısının öldüyünü bildirir. “Rosaviasiya” isə sərnişin siyahısında Priqojinin də adının olduğunu açıqlamışdı.
Kreml, yaxud Müdafiə Nazirliyi Priqojin və Utkinin öldüyünü rəsmən təsdiqləməyib. Ancaq Vaqnerə bağlı Telegram kanalı onun öldüyünü elan edib.
Azadlıq radiosu