Azərbaycan hakimiyyətinin müxalifəti məhv etmək və ölkədə faktiki təkpartiyalı sistem yaratmaq təşəbbüsünə qarşı Azərbaycan Xalq Cəbhəsi Partiyasının etiraz bəyanatı
“İlham Əliyev hakimiyyəti ölkədə siyasi müxalifəti yox etmək üçün 20 ildir tətbiq etdiyi repressiyaya artıq qanuni əsas yaratmaq istəyir. Bu ilin yanvar ayında siyasi partiyalar haqqında yeni, mürtəce qanunun qəbulu məhz bu məqsədi güdür.
Ancaq belə görünür ki, ölkədə təkpartiyalı sistemə keçid üçün təkcə siyasi partiyalar haqqında mürtəce qanun kifayət etməyib. İlham Əliyev 16 avqustda İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb. Dəyişiklikdən sonra İnzibati Xətalar Məcəlləsi siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə siyasi partiyalara, partiya üzvlərinə və partiya rəhbərliyinə qarşı 17 növ cərimə cəzası nəzərdə tutur. Qeydiyyatı ləğv edilmiş və ya fəaliyyəti dayandırılmış partiyanın adından çıxış və hərəkətlərə görə fiziki şəxslər 700 manatdan 2000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 5000 manatadək, hüquqi şəxslər 6000 manatdan 15000 manatadək cərimələnə bilər.
Çox aydın görünür ki, məqsəd real müxalifət partiyalarının (ilk növbədə AXCP-nin) əvvəlcə müxtəlif bəhanələrlə dövlət qeydiyyatını ləğv etmək, sonra da ağır maddi cərimələrin təzyiqi ilə müxalif fəaliyyəti rəsmən, qanunun gücü ilə qadağan etməkdir.
AXCP “Siyasi partiyalar haqqında” yeni qanun müzakirəyə çıxarılandan bəri onun mürtəce və ilk fürsətdə ləğv edilməli olduğunu bəyan edib, bundan sonra da bütün hallarda bu mövqeyində qalacaq. Lakin öz qeydiyyatının ləğv olunmasına hər hansı bəhanə verməmək üçün AXCP 5 min nəfərdən artıq üzvünün reyestrini Ədliyyə Nazirliyinə təqdim edib. Təqdim edilmiş siyahı çox diqqətlə hazırlanıb və təkrarən ciddi təftiş olunub. AXCP təqdim etdiyi siyahıdakı şəxslərin partiya üzvü olduğunu istənilən şəkildə isbatlamağa hazırdır.
AXCP çəkinmədən bəyan edir ki, əgər siyasi sifariş olmasa, onun qeydiyyatı ilə bağlı hər hansı problem yaranmamalıdır. Lakin çox təəssüf ki, bəzi ilkin əlamətlərdən Ədliyyə Nazirliyinin siyasi sifarişlə AXCP-nin qeydiyyatını ləğv edə biləcəyi də hiss olunur.
Hakimiyyət AXCP-nin qeydiyyatını ləğv etmək, daha sonra ağır maddi sanksiyalarla partiya üzvləri və rəhbərliyinin siyasi fəaliyyətinə mane olmaqla ölkədə real müxalifətçiliyi ortadan qaldırmaq niyyətini gerçəkləşdirmək istəyə bilər və əslində “Siyasi partiyalar haqqında” yeni qanun və İnzibati Xətalar Məcəlləsinə düzəlişlər bilavasitə bu məqsədlə qəbul olunub.
AXCP bəyan edir ki, onun qeydiyyatına hər hansı problem yaratmaq, ölkədə de-fakto ana müxalifət partiyası olan bir partiyanın fəaliyyətini qadağan etmək cəhdləri hakimiyyətin özü üçün də ciddi fəsadlar yaradar. Başqa yandan, insanların Ədliyyə Nazirliyinin reyestr təsdiqi olmadan siyasi fəaliyyətlə məşğul olmasını böyük qanun pozuntusu kimi qiymətləndirib, ağır maliyyə sanksiyaları ilə cəzalandırmaq Azərbaycan Konstitusiyasına da, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara da ziddir və bunun ciddi etirazlar doğuracağı şübhəsizdir. İlham Əliyev hakimiyyəti hazırda demokratik dünyanın daha çox Rusiya-Ukrayna müharibəsi ilə məşğul olmasına və Azərbaycanla Ermənistan arasında daimi sülh sazişi əldə etmək istəyinin önə çıxmasına arxayın olmamalıdır. Avropa siyasi məkanına daxil olan, 20 ildən çoxdur Avropa Şurasının üzvü olan bir ölkədə dinc siyasi müxalifətçiliyi qanun səviyyəsində qadağan etmək özünə qarşı beynəlxalq birliyin cəza mexanizmini işə salmaq olar.
AXCP bəyan edir ki, qeydiyyatı ilə bağlı hansı vəziyyətin yaranacağından asılı olmayaraq, ölkədə universal hüquq və azadlıqların qorunması, demokratiyanın bərqərar edilməsi uğrunda dinc mübarizəsini bütün hüquqi və siyasi vasitələrlə davam etdirəcək.
Azərbaycan xalqı bilməlidir ki, ölkədə real müxalifətçiliyin qanunla qadağan olunması və bununla da siyasi alternativlərdən məhrum edilməsi nəticə etibarilə onun yaşam şərtlərini daha da ağırlaşdırmaq, milli və dövlət maraqlarımıza ağır zərbə vurmaq demək olacaq. Belə bir təhlükənin önünə daha kütləvi etiraz və müqavimətlə çıxmaq lazımdır.
Dünyanın demokratik ictimaiyyəti də İlham Əliyev hakimiyyətinin Azərbaycanı rəsmən totalitar, faktiki təkpartiyalı sistemin olduğu, Şimali Koreya tipində bir dövlətə çevirmək istəyinə neqativ münasibətini daha təsirli vasitələrlə bildirməli, beynəlxalq birlik bu istəyin baş tutmaması üçün vaxtında və prinspial siyasi mövqe nümayiş etdirməlidir”.