İzahla proqramında Ülviyyə Əsədzadənin qonağı ABŞ dövlət katibinin keçmiş məsləhətçisi, Avrasiya regionu üzrə şərhçi Pol Qobldur (Paul Goble).
ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) bu günlərdə (iyulun 30-da) Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Hər iki tərəfin açıqlamasından belə görünür ki, əsas mövzu Qarabağdakı humanitar vəziyyət olub. Azərbaycanda indi müzakirə olunan mövzulardan biri isə son dövrlər fəalların həbsidir. Siz, Dövlət Departamentinin keçmiş əməkdaşı kimi nə düşünürsüz, Blinken Əliyevlə söhbətində press-relizdə göstərildiyi kimi sadəcə Qarabağdan danışıb, yoxsa fəalların insan haqları məsələsini də qaldırıb?
Mən çox təəccüblənərdim ki, ABŞ-ın hansısa yüksək rütbəli rəsmisi Azərbaycan lideri ilə söhbət etsin və bu zaman insan haqları məsələsi müzakirə olunmasın. Qarabağ münaqişəsinin həlli və Azərbaycanda siyasi durum bir-biri ilə yaxından bağlıdır. Azərbaycanda çoxları bunu anlamır. Əgər Azərbaycan tamamilə demokratik bir ölkə olsaydı, Bakı Qarabağ probleminə Qərbdə daha tez həll tapmış olardı.
Amma rəsmi Bakı durumu bu cür saxladığına görə münaqişənin həllinə tərəfdar olmayanlar daim insan haqları məsələsini önə çəkir.
Azərbaycanın dostları belə diqqətə çatdırmaq istəyirlər ki, bu problemin həlli demokratikləşmə ilə yaxından bağlıdır.
Odur ki, Blinken və Əliyevin söhbətində insan haqları mövzusunun qaldırılmamasına təəcüblənərdim. Mənə elə gəlir ki, Qarabağla bağlı razılıq əldə olunmasına çox yaxınıq. Əliyevlə Blinkenin söhbətində də bu razılaşma əsas mövzudur.
Onda hökumətlərin açıqlamaları telefon söhbətlərinin tam mahiyyətini əks etdirmir, eləmi?
Pol Qobl: Press relizlər bu və ya digər formada təzyiq formasıdır. Bakının hazırladığı press-relizin tamamilə Qarabağa köklənməsi təəccüblü deyil. ABŞ Dövlət Departamentinin də açıqlamasının Bakının açıqlamasına yaxın məzmunlu olması da onunla bağlıdır ki, razılaşmaları növbəti mərhələyə aparsınlar və prosesi zəiflədəcək sözlər deməsinlər. Münaqişənin həllini istəməyənlər bir qayda olaraq insan haqları məsələsini önə çəkirlər ki, Bakının mövqeyi müdafiə olunmasın.
Cənab Qobl, yalnız son telefon danışığını nəzərə almasaq belə, biz son zamanlar ümumiyyətlə insan haqları ilə bağlı ABŞ hökumətindən daha az çağırışlar eşidirik. Əvvəllər belə çağırışlar tez-tez olardı.
Əminəm ki, telefon söhbətində belə bir çağırış olub. Məncə, Vaşinqtonda belə bir qərar verilib ki, əgər insan haqları məsələsi barədə ictimai şəkildə danışsaq, onda Qarabağla bağlı razılaşmanı imzalamaqdan uzaqlaşa bilərik.
Məncə, bunu heç kəs istəmir. Bununla yanaşı, ABŞ həmişə digərləri kimi Azərbaycanda insan haqlarına dəstək verib və Əliyev hökumətinin müxalifətçilərə, ictimai fəallara qarşı təzyiqlərini həmişə tənqid edib.
ABŞ-ın strategiyasında dəyişiklik yoxdur, dəyişiklik taktiki ola bilər, bu isə Azərbaycan və Ermənistan arasında münaqişənin həlli üçündür.
Azadlıq radiosu