Rusiya Türkiyə gərginliyi Azərbaycana nə vəd edir?

Putin niyə pərtdir?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Türkiyə Rusiya münasibətlərində müşahidə olunan soyuqluq davam edəcəyi təqdirdə bizim regionumuzda da öz təsirini hiss etdirəcək. Bu gərginliyin əsas səbəbi Türkiyənin strateji məsələlərdə Qərblə bir mövqedən çıxış etməsi və Rusiyanın gözləntilərinə cavab verməməsidir.

Türkiyənin Ukraynaya silah tədarükü, Moskva ilə razılaşmanı pozaraq Azov döyüşçülərini geri qaytarması, İsveçin NATO üzvlüyünə razılıq verməsi Putini məyus edib və o, indi başa düşür ki, Türkiyəni Qərb blokundan ayırmaq üçün Ərdoğana etdiyi jestlər boşuna gedib. Xüsusi ilə də seçki ərəfəsində Türkiyənin 20 milyard dollardan artıq qaz borcunun bir il ertələnməsi seçki ərəfəsində Putinin Ərdoğana göstərdiyi yardım kimi qəbul edilirdi. Ancaq bütün bunlara baxmayaraq bu gün Putin hesab edir ki, Türkiyə Qərb Rusiya qarşıdurmasından faydalanaraq, Moskvanın maraqlarını nəzərə almadan mövcud situasiyadan daha çox öz xeyrinə istifadə etməyə çalışır.

Ona görə də bu günlərdə Putin Türkiyədə qaz paylayıcı rezervuarın (qaz habı) qurulması ilə bağlı öz vədindən geri çəkilməklə, Türkiyəni son addımlarına görə bir növ cəzalandırmaq istəyir. Rusiya Qaradənizdəki taxıl anlaşmasından çıxmaqla Türkiyənin bu məsələdə əldə etdiyi iqtisadi faydanı və geosiyasi önəmi də sual altına almağa çalışır.
İki ölkə başçısının dünənki telefon danışığında isə Ərdoğanın taxıl anlaşmasınln bərpası ilə bağlı təklifi hələ ki, qəbul edilməyib.

Gözlənilir ki, Rusiya bundan sonra Qarabağda erməni separatçılarının əli ilə Azərbaycana qarşı təzyiqləri daha da artırsın. Bu günlərdə Xankəndindəki bir qrup erməninin Laçın sərhəd buraxılış məntəqəsinə yürüş edəcəyi ilə bağlı xəbərlər də bu konteksdə nəzərdən keçirilməlidir. Düzdür Rusiya onsuz da Qərbin sülh təşəbbüslərini pozmaq üçün davamlı olaraq bölgədə gərginlik yaradan hansısa təxribatlar təşkil edir. Ancaq indi bu təxribatlar edilərkən Azərbaycanın maraqlarının açıq şəkildə təhdid olunması, hədəf alınması diqqəti cəlb edir.

Bu baxımdan son zamanda Paşinyana artan təzyiqlər üzündən onun sülhə xidmət etməyən, əvvəlki ritorikasından fərqlənən açıqlamaları da Rusiyanın regionumuzda gərginliyi artırmaq, sülh prosesini iflasa uğratmaq səylərini gücləndirməsinin nəticəsidir.
Xüsusi ilə də Ermənistanın humanitar yardım karvanı adı ilə, əslində Laçın dəhlizini özünün sərbəst istifadəsinə açıq hala gətirmək cəhdinin arxasında da, Rusiyanın və erməni diasporasının birgə maraqları durur. Rusiya bu cür təxribatlarla, təkcə, Qərbin vasitəçilik etdiyi sülh prosesini pozmur, həm də Azərbaycanı beynəlxalq aləmlə qarşıdurmaya sövq edib zəiflətməyə, beləliklə də Türkiyənin Cənubi Qafqazda təsir və güclənmək imkanlarının qarşısını almağı hədəfləyir.

Ona görə də gözlənilir ki, Rusiya qarşıdakı dönəmdə Azərbaycanla münasibətlərdə Türkiyə faktorunu daha az nəzərə almaqla, regionda gərginliyi artırmağa istəyəcək. Bu yolla Moskva i həm də Türkiyənin Cənubi Qafqazda əsas strateji müttəfiqi sayılan Azərbaycan vasitəsilə ilə ona təzyiq etməyə çalışacaq.