1991-ci il dekabrın 22-də Xocalının Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasının təşkilində ittiham olunan Vaqif Çerkezoviç Xaçaturyan saxlanılıb. Bu haqda Azərbaycan Baş Prorkurorluğu məlumat yayıb.
Rəsmi məlumatda həmin şəxsin iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adıyla Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlandığı qeyd olunur. Azərbaycan vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulan Vaqif Xaçaturyan Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləyib. Rəsmi məlumatda onun erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə 25 azərbaycanlını öldürdüyü bildirilir.
Açıqlamaya görə, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 358 nəfər də yaşadığı yerlərdən didərgin salınıb.
Azadlıq radiosu