Moldova Rusiya səfirliyinin 45 əməkdaşını ölkədən çıxaracaq

Moldovanın Xarici İşlər və Avrointeqrasiya Nazirliyi ölkədə akkreditə olunmuş Rusiya diplomatlarının sayını kəskin ixtisar etməyi planlaşdırır.

Buna Kişinyovdakı Rusiya səfirliyinin ərazisində dinləmə qurğuları və agentlər barədə The Insider saytının apardığı təhqiqat nəticələrinin dərc edilməsi səbəb olub.

Moldova XİN-in sözçüsü İqor Zaxarov deyib ki, Moldova Rusiyanın Kişinyovdakı səfirliyinin 18 diplomatını və 27 texniki əməkdaşını ölkədən çıxaracaq.

Beləliklə Rusiyanın Moldovadakı səfirliyində yalnız 10 diplomat və 15 texniki işçi qalacaq.

Moldovanın xarici işlər naziri Niku Popeskunun bu barədə bəyanatında deyilir:

“Bir neçə onillik ərazində biz Rusiya tərəfindən bir neçə növ fəaliyyətlərin, o cümlədən düşmən siyasətin şahidi və obyekti olmuşuq. Başqa bir ölkənin diplomatik korpusunun əhəmiyyətli hissəsinin ölkəmizdəki vəziyyətin sabitsizləşdirilməsinə yönəldiyi bir şəraitdə biz siyasi qərarlar qəbul edən idarələr və şəxslərlə birlikdə Moldovadakı RF səfirliyi diplomatlarının sayının məhdudlaşdırılmasının zəruriliyinə dair ümumi razılığa gəlmişik”.

Azadlıq radiosu