Sovetlərdən də idbar sistem qurmağa çalışırlar

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

1977-ci ildə qəbul edilmiş Sovet Konstitusiyasının 6-cı maddəsinə görə Sovet İttifaqı Kommunist Partiyası dövlət idarəetməsində rəhbər və yönəldici rol oynamaqla SSRİ siyasi sisteminin özəyini təşkil edirdi. Həmin Konstitusiyada başqa partiyalar haqqında heç bir qeyd yoxdur.

İndi Azərbaycan hakimiyyəti Sovetlərdən də idbar bir sistem qurmağa çalışır. Çünki kommunist partiyasına qəbul etməzdən öncə insanı yoxlayırdılar, partiya tarixindən bir-iki sual verirdilər, tərcümeyi-halını özünə yazdırırdılar.

İndi YAP-ın rəhbər vəzifəlilərinin çoxu nəinki yazmağı, danışmağı belə bacarmır. İcra başçıları tanıyıram ki, guya türkcə dediklərini anlamaq üçün bir neçə aydınlaşdırıcı sual vermək məcburiyyətində qalmışam.

Sovetlər Birliyində dövlət əmlakını 10 min rubldan çox mənimsəyənə güllələnmə düşürdü. YAP-ın Nəzarət Təftiş Komissiyasının sədrindən tutmuş Siyasi Şurasının üzvlərindək onlarla rəhbər şəxsinin adı çoxmilyonluq korrupsiya qalmaqallarından qırmızı xətlə keçib, onların cinayət əməlləri məhkəmə sənədlərilə sübuta yetirilib.

Hansı YAP-çı vəzifədən çıxarılırsa (sonuncu örnək Əhəd Abiyevdir) ya 3-4 milyard dollar dəyərində dövlət əmlakını taladığı üzə çıxır, ya yüzlərlə obyektinin siyahısını elə mənsub olduğu iqtidarın öz mediası yayır.

YAP rayon təşkilatının ağsaqqal sədrinin “müqəddəs əli” hazırda sosial şəbəkələrin Fransa seqmentində rekordlar təzələyir.

Bu qədər aşınmış, mənəvi-siyasi deqradasiyaya uğramış qüvvə ilə, özü də Avropa məkanında, həm də XXI yüzildə, üstəlik avtoritarizmin həzin qürubu fonunda təkpartiyalı sistem qurmaq cəhdləri siyasi bəsirətsizlikdən başqa bir şey deyil.

Hakimiyyətinizin totalitar mahiyyətini gizlətmək üçün geydirmə “müxalifət” partiyalarından yaratmaq istədiyiniz yeni konfuqurasiyanın aqibəti isə ya heç kimin ciddiyə almadığı parlament “müxalifəti”-nin, ya da Həkəri çayına buraxdıqları balıqlar kimi suya düşən avtobus müxalifətinin taleyindən fərqlənməyəcək.

Sizin polisiniz çoxdur, trolunuz ondan da çoxdur, pulunuz hər ikisindən çoxdur, ancaq tarixi təkamül prosesinin qarşısını almaq, zamanın təkərini geri çevirmək sizin də qeyri-məhdud imkanlarınız xaricindədir. Bunu anlamağın vaxtıdır, hətta keçir.