Siyasi şərhçi və milli fəal Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətində deyir ki, İranda 2022-ci ilin sentyabr ayında başlanan etirazların ortaya çıxardığı vəziyyət Azərbaycan Milli Hərəkatına “yeni dəyərlər və yeni şüarlar qatıb, ancaq hərəkatın ana xəttində dəyişiklik yaşanmayıb”.
2022-ci ilin sentyabr ayında İranda hökumət əleyhinə baş qaldıran geniş etirazların ardınca İran müxalifətindəki siyasi cərəyanlarda fəaliyyət metodu və bir-birləri ilə münasibətləri baxımından ciddi dəyişiklik və hətta transformasiya yaşandığı müşahidə edilir.
Ancaq Məhsa Mehdi hesab edir ki, Azərbaycan Milli Hərəkatı bəzi yeni şüarlar mənimsəməklə birlikdə ana siyasi xəttini qoruyaraq yoluna davam edir.
“2022 sentyabrda başlanan etirazlar çox önəmlidir. Özəlliklə İranda qadının ikinci dərəcə insan sayıldığı həqiqətinin ortaya çıxması tərəfi ilə çox önəmlidir. Amma bunun nə qədər Güney Azərbaycan hərəkatına təsiri oldu sualına gələndə, mənə görə, bizim ana xəttimizdə dəyişiklik olmadı. Bizim prinsiplərimiz zatən bəllidir. İnsan haqları əsaslıdır və Güney Azərbaycanda və onun xaricində yaşayan türklərin haqları ilə əlaqəli bir hərəkatdır… Mən bu mənada ana xəttimizdə bir dəyişiklik görmürəm,” Mehdili söyləyir.
Amerikanın səsi