“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Söyüdlü hadisələrində zərərçəkmiş şəxslərin hüquqlarının müdafiə mexanizmlərindən danışıb.
Rüfət bəy Söyüdlü hadisələrinin hüquq müdafiəsi sahəsində vətəndaş cəmiyyətləri, hüquq müdafiə təşkilatları hansı işləri görüb? Bu işləri qanedici hesab etmək olarmı?
Söyüdlüdə baş verən hadisələrlə bağlı “Müdafiə Xətti” insan haqları təşkilatı olaraq dərhal zərərçəkmiş şəxslərlə, qurbanlarla, kənd əhlalisi ilə ünsiyyətə keçdik. Onlara hüquqi xidmət təklif etdik. Sonuncu dəfə kənd sakinlərindən biri dörd gün idi ki, itkin düşmüşdü. Harada saxlanıldığı bilinmirdi. Şəxsin atası, həyat yoldaşı, anası müraciət etdi. Ölkə ictimaiyyətini məlumatlandırdıq. Çox təəssüf ki, qısa müddət sonra həmin ailə bizimlə əlaqə saxlayıb bu məsələləri ictimailəşdirməməyimizi, hər hansı bir hüquqi xidmət göstərilməsindən imtina etməyimizi bildirdi. Onu da bildirim ki, Söyüdlü hadisəsi ilə bağlı Azərbaycan cəmiyyətində ilk məlumatı yayanlardan biri mən özüməm. Çünki həmin kəndin sakinləri hadisələrin lap öz pik nöqtəsinə çatdığı zaman bizimlə əlaqə saxlamışdılar. Əlbəttə, biz bunu Azərbaycan cəmiyyəti ilə bölüşmüşdük. Eyni zamanda, artıq işçi qrupu da formalaşmışdı. Vətəndaş cəmiyyətinin, hüquq müdafiəçilərinin, fəalların hesabına formalaşmış işçi qrupu artıq Söyüdlü əhalisinə öz xidmətlərini təklif edib. Bildiyim qədər apellyasiya şikayətinin hazırlanması ilə bağlı da zərəçəkmiş şəxslərə müraciətlər olunub. Amma çox təəssüf ki, bundan imtina edilib. Əlbəttə, indiki halda mən kənd əhalisini qınamıram. Bu vəziyyətdə qınanılası əsas dairələr inzibati orqanlardır. Repressiv tədbirləri həyata keçirən administrativ strukturlardır.
Rüfət bəy yerli mətbuatda qeyd edilir ki, Söyüdlü kəndində baş verənlərdən sonra yeni həbslər başlayıb. Baxmayaraq ki, rəsmi qurumlar bu barədə heç bir məlumat vermir.
Bizdə olan məlumata görə, sırf sosial, ekoloji problemlər üzərindən etiraz edən zaman saxlanılan Söyüdlü sakinlərinə ağır və pis rəftarlar, işgəncələr tətbiq olunub. On bir nəfər kənd sakini saxlanılıb. Onların 8-i inzibati qaydada həbs edilib. Yerdə qalan 3-ü isə ənənəvi və növbətçi ittihamarla, yəni narkotik maddələrinin qanunsuz dövriyyəsi ilə bağlı mühakimə olunub. Təəssüf ki, bu gün bizim kommunikasiyamız çox əngəllə müşayiət olunur. Kəndə giriş və çıxış məhdudlaşdırılıb. Son məlumatlar bundan ibarətdir. Qeyd etdiyim kimi, bütün təşəbbüslərimiz və müraciətlərimiz cavabsız buraxılır. Hətta sonuncu dəfə mən bəzi ailələrlə əlaqə saxlayarkən, mənim özümlə sərt qaydada danışdılar və bildirdilər ki, hüquq müdafiəçiləri ilə, vəkillərlə, müxalif çevrələrlə, media mənsubları ilə əlaqə kəndin vəziyyətini daha da ağırlaşdırır. Əlbəttə ki, kənd əhalisi ilə şantaj, təhdid və təzyiq altında davranırlar. Bu bütövlükdə Azərbaycanda zorakılığa, şiddətə, repressiv üsul və alətlərə söykənən bir idarəçilikdən xəbər verir. Söyüdlüyə qədər də Azərbaycan təcrübəsində bir neçə belə hadisələr olub. Biz xatırlayaq Naxçıvanı, Saatlını, Nardaranı, Tərtəri və s. Hakimiyyət dairələri eynisini tətbiq eləyib. Yəni, belə demək mümkündürsə bir neçə “Söyüdlü” hadisəsi Azərbaycanda baş verib. Adların fərqi var. Məzmun isə eynidir. Hakimiyyət isə izolyasiya etmək, həbs etmək, zorakılıq və şiddətlə cavab verib.
Kəndə girişə qoyulan məhdudiyyətlərin hüquqi əsasları varmı? Vətəndaşların konstitusion hüquqları ilə bağlı məhkəmələrə müraciət etmək mümkündürmü?
Bununla bağlı mənim ayrıca şərhim olub. Şübhəsiz ki, indiki halda insanların konstitusion hüquqları pozulub. Azadlıq hüququ pozulub. Sanki elan olunmamış fövqəladə vəziyyətdən bəhs olunur. Kəndə giriş-çıxış belə məhdudlaşdırılbsa, bu artıq elan olunmamış vəziyyətdir. Şübhəsiz ki, hakimiyyət dairələri indiki halda bunları edərkən qanunun normalarına və hüquqa əsaslanmır. Söyüdlü hadisələri fonunda deyə bilərəm ki, kənd əhalisinin bir neçə ciddi konstitusion hüquqları pozulub. Sağlam mühitdə yaşamaq hüququ, təhlükəsizlik şəraitdə yaşamaq hüququ, sərbəst toplaşmaq azadlığı hüququdur ki, bunlar kobud şəkildə pozulub. Ölkənin daxilində bunlar mübahisələndiriləcək. Əgər zərərçəkmiş şəxslərin bununla bağlı razılığı varsa. Düşünürəm ki, işi Avropa məhkəməsinədək daşımaq vacibdir. Biz hüquq müdafiəçilərinin hazırda başlıca məşğul olduğu iş budur ki, Söyüdlü insanlarını inandıraq ki, bizim onlara təmənnasız hüquqi xidmət yardım etmək fikrimiz var. İndi bilmirik, biz o qorxunu yenə biləcəyik ya yox. Bu zamana bağlıdır.
Amerikanın səsi