Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan parlamentinin keçmiş deputatı, ictimai xadim və sahibkar Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.
Vəkil Aqil Layıc bildirib ki, Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkilin sözlərinə görə, Bəydəmirli bu cinayəti törətməyib. “Onun həbsinin əsl səbəbi bu deyil. Həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur. Onun cəmiyyətdən təcrid edilməsinə lüzum yox idi.Təəssüf edirik ki, Apellyasiya Məhkəməsi Bəydəmirlini həbsdə saxladı”, – vəkil deyib.
Onun sözlərinə görə, Bəydəmirli məhkəmədə bəzi mesajlar verib.
“Dedi ki, onun ictimai çıxışları kimlərinsə xətrinə dəyibsə həmin adamlardan üzr istəməyə, hətta yazılı üzr istəməyə hazırdır. Yox, əgər həbsinin səbəbi həmin payla (hansısa müəssisədə pay nəzərdə tutulur) bağlıdırsa, o payı istənilən şəxsə bağışlamaya hazırdır”, – vəkil deyib.
O deyib ki, bundan sonra müdafiə tərəfi Bəydəmirlinin ev dustaqlığına buraxılması üçün vəsatət qaldıracaq.