Fransa dağılırmı?

Kimdir günahkar, dövlət, yoxsa, cəmiyyət?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Fransada baş verənlər demokrat ölkələrdə dövlət adına törədilən qanunsuz zorakılığa qarşı cəmiyyətin kəskin, çox sərt reaksiyası kimi dəyərləndirilə bilər. Cəmiyyətim necə etiraz etməsindən aslı olmayaraq dövlət həmişə qanuna əməl etməyə borcludur, ancaq, göründüyü kimi heç bir qanun cəmiyyəti qəzəblənmək haqqından məhrum edə bilməz. On görə də, bu gün Fransa nümunəsində olduğu kimi, demokratik sistemlərdə dövlət iğtişaşlara bağlı ən kritik vəziyyətlərdə belə güc tətbiq edərkən qanuni hədləri aşa , kütlə kimi davrana bilməz.

Bir ərəb gəncə qarşı ədalətsiz və qəddar zorakılıq bütün bu iğtişaşlara yol açdığı üçün, dövlət kütləvi iğtişaşlar qarşısında belə ictimai qəzəbi daha böyütməmək üçün öz hüquqi öhdəlik çərçivələrinə əməl etməyə məcburdur. Ona görə də dövlət hər qarşısına çıxan, yaxaladığı etirazçını məhkəməsiz, hüquqdan kənar şəkildə cəzalandıra bilməz. Dövlət hətta qəzəblənmiş cəmiyyətin zorakılıqla müşahidə edilən etirazlarını yatırarkən təmkinli olmalı, hüquqa və qanuna əməl etməli, dağıdıcı kütlənin emosiyalarından coşub özünə hər cür zorakılıq etmək haqqı tanımamalıdır.

Biz hər cür zorakılığın, ictimai düzəninin dağıdılmasının, iğtişaşın, sanksiyalaşdırılmamış güc tətbiqinin əleyhinəyik. Fransada yaşananlar onu göstərir ki, inkişaf etmiş mədənii xalqlar belə ədalətsizlik qarşısında isterik qəzəb tutmasından sığortalanmayıblar və ən yüksək demokratiyanı da elə ədalətsizliyə qarşı ən dözümsüz yanaşan cəmiyyətlər qura bilirlər.

ABŞ-da qara dərili Corc Floyddun polis tərəfindən güllələnməsinə də Amerika cəmiyyəti Fransada olduğu kimi kəskin reaksiya vermiş və ölkə boyu iğtişaşlar yaşanmışdı. Cəmiyyət beləcə zaman- zaman dövlətə öz həddini və yerini göstərirlər.

Bu cür olaylardan çıxan ən maraqlı nəticə demokratik sistemlərin dayanıqlılığı və ölkənin təhlükəsizliyinə möhkəm təminat verməsidir. Təsəvvür edin Fransada və ABŞ-da olan bu kütləvi iğtişaşlar hər hansı başqa qeyri demokratik ölkədə olmuş olsaydı nə baş verərdi? Ya İranda olduğu kimi, dövlət quldur kimi davranıb küçədə yüzlərlə insanı güləlləyər, ya da ki, yumşaq davranacağı təqdirdə mütləq hakimiyyət dəyişikliyi və sonu görünməyən xaos risqi yaranardı.

Ancaq demokratik cəmiyyətlər bu cür çalxantıları siyasi sistemi dağırmadan, ölkəni sarsıtmadan öz içlərində kənar müdaxiləyə ehtiyac duymadan həll etməyə qadirdirlər. Fransada dəyişən bir şey yox.

Sosial psixoloji baxımdan bir ölkədə yabançıların, gəlmə köçkünlərin sayı 4 faiz olanda bu sosial partlayış risqi yaradır. Fransada isə bu rəqəm 7 milyon nəfər, ümumi əhalinin 10 faizi həddindədir. Ancaq yenə də oturuşmuş demokratik institutlar və inkişaf etmiş təhsilli, mədəni çoxluqdan təşkil olunan cəmiyyət hesabına ölkə belə çalxantılardan nəinki sarsılıb dağılmır, hətta dövlətə daha ədalətli olmaq üçün dərs verərək uduşla çıxır.