Mühafizə əməkdaşları etiraz aksiyası keçirib

İyunun 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinin mühafizə xidmətinin əməkdaşları etiraz aksiyası keçirib.

“Turan”ın xəbərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda xidmət edən həmin şəxslərin bildirməsinə görə, onları SOCAR-ın tabeliyindən çıxarıb özəl GESCO şirkətinə vermək istəyirlər.

“Bizi inandırmağa çalışırlar ki, siz razılıq verin, sizin bütün indiki şəraitiniz, maaşınız qüvvədə qalacaq. Amma biz inanmırıq”, – özünü Təhlükəsizlik İdarəsinin 31 saylı komandasının əməkdaşı kimi təqdim edən şəxs vurğulayıb.

GESCO şirkətinin nümayəndəsi isə bildirib ki, işçilərə bütün əməkdaşların hüquqlarının tam saxlanılacağı barədə məlumat verilib: “Əmək haqları da, sosial sığortaları da saxlanılacaq”.

Aksiya insidentsiz başa çatıb.

Məsələ ilə bağlı, hələlik, SOCAR və başqa aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Azadlıq radiosu