Ceyhun Bayramov: Qarabağ ermənilərinə xüsusi qarantiyalar verilməyəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qarabağın erməni əhalisinə xüsusi qarantiyalar verilməsinə dair tələbi rədd etdiyini bildirib.

Nazir Reuters agentliyinə müsahibəsində bildirib ki, Qarabağın erməni əhalisi kifayət dərəcədə mühafizə olunur.

Reuters yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ay Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını bəyan etməsindən sonra sanki iki ölkənin münasibətlərinin normallaşdırılmasında böyük irəliləyişə ümid yaranmışdı. Paşinyan bunun müqabilində Azərbaycanın Qarabağın erməni əhalisinin təhlükəsizliyinə qarantiya verməsini istəmişdi.

Lakin iyunun 23-də Reuters agentliyinə müsahibəsində Ceyhun Bayramov bildirib ki, belə bir qarantiyaya ehtiyac yoxdur və bunun tələb olunması Azərbaycanın daxili işlərinə qarışılması deməkdir:

“Biz Ermənistan Respublikasından belə bir ön şərtləri və ya bəhanələri bir neçə səbəbdən qəbul edə bilmərik. Ən əsası da budur: bu daxili və suveren bir məsələdir. Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəf olduğu beynəlxalq konvensiyalar bu əhalinin hüquqları üçün qarantiyaya lazım olan bütün zəruri şəraiti yaradır”.

Nazir deyib ki, ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya olunsalar, öz dillərində təhsil ala və mədəniyyətlərini qoruyub saxlaya və başqa etnik və dini azlıqlar kimi qurumlarını yarada bilərlər.

Bayramov bunu da vurğulayıb ki, sülh danışıqlarında “müəyyən tərəqqi” var və Bakı razılaşma əldə olunmasını istəyir.

Azadlıq radiosu