Söyüdlüdə etirazlar davam edir

Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 21-də növbəti etiraz aksiyası keçirilib.

Sakinlər “Kür çayı zəhərlənir” və başqa ekoloji məsələlərlə bağlı plakatlar qaldıraraq polis şöbəsinə yürüş ediblər. Onlar dünən, iyunun 20-də saxlananların azadlığa buraxılmasını tələb edirlər: “Körpələrimiz xəstə böyüməsin deyə, etiraz edirik”.

Polis aksiya iştirakçılarının yolunu kəsib. Daha sonra onların qarşısına Gədəbəy rayonunun icra başçısı Orxan Mürsəlov çıxıb. O deyib ki, bəzən sakinlər səhv məlumatlandırılır: “Sözügedən göl artıq 11 ildir ki, yaradılıb. Sizin bununla bağlı narazılığınız olmayıb və bu illər ərzində heç kim üçün təhlükə törətməyib”.

İcra başçısının vurğulamasına görə, o da həmin gölə yaxın yaşayır. Sakinlər isə bildirib ki, göl salınandan sonra kənddə xərçəng və digər xəstəliklərə yoluxanların sayı artıb.

O.Mürsəlov ikinci gölün salınması ilə bağlı iddiaları təkzib edib.

Daha sonra 15 nəfər kənd sakini icra başçısı ilə birlikdə icra hakimiyyətinə qəbula gedib.

Söyüdlüdə beş nəfərin sutkalıq həbs edildiyi deyilir

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyasında saxlanan sakinlərdən beş nəfərinin həbs olunduğu bildirilir.

Yerli sakinlər deyiblər ki, həmin beş nəfər 20 sutka müddətinə inzibati qaydada həbs olunub: “Bir nəfər yaşlı qadını isə cərimələyib buraxıblar”.

Kənd sakinləri deyir ki, dünənki hadisələr zamanı 10 nəfərə yaxın şəxs müxtəlif xəsarət alıb: “Ən çox qadınlara təzyiq ediblər. Hazırda xəsarət alanların vəziyyəti bir az yaxşılaşıb. Dünən, iyunun 20-də bir nəfəri xərəkdə xəstəxanaya aparıblar. Orada yardım göstərib evə buraxıblar. Gözünə qaz sıxılan qadının isə üzü şişib, allergiya verib, bir müddət görmə qabiliyyəti də zəifləyib”.

Bu deyilənlərə rayon məhkəməsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) münasibət almaq mümkün olmayıb.

Azadlıq radiosu