Gədəbəydə baş verən rejimin növbəti zorakılığıdır

Rəşad Əliyev

Dünən Gədəbəydə baş verənlərlə bağlı təəssüf ki ictimai rəy və ictimai qınağ hədəfi yanlış istiqamətə yönəldilir. İllərdir ölkədə hər cür etiraza divan tutulanda susmuş ziyalılar bu gün Gədəbəydə yaşlı qadının gözünə qaz püskürdülməsinə etiraz edir.

Hadisənin təkcə bir epizodunu qabartmaqla, sanki ümumilikdə vətəndaşa qarşı zorakılığı cəmiyyətin gözündə adiləşdirirlər, zorakılığa qarşı olan toleransımızı bir az da artırırlar. Yəni qadının gözünə gözyaşardıcı qaz sıxmaq ayıbdır, amma qalan hər kəsə qarşı hər cür zorakılıq etmək olar, bu ayıb deyil. Videoların birində görünür ki, bir ağsaqqal kişinin üzünə də eyni cür qaz püskürdürlər, bəs o necə, normaldır? Biz cəmiyyət olaraq vurğuları yanlış yerə qoyuruq.

Bugünkü hadisəyə verilən qiymətdən belə görünür ki, hökumətin texnoloqları bu illər ərzində cəmiyyətin zorakılığa qarşı dözümlülüyünü artırmaq istiqamətində çox yaxşı iş bacarıblar. O ananın (rəmzi olaraq) oğlunun və ya ərinin uzun illər boyunca hər cür hüquqlarının pozulması, döyülməsi, işgəncə verilməsi, hətta şərlənib haqsız yerə həbs edilməsi və nəticədə minlərlə ananın və körpə uşaqların gözü yaşlı qoyulması yetərli qədər faciə deyil; hətta paytaxtın lap mərkəzində etiraz edən qadınlara qarşı illərlə gördüyümüz çox biabırçı rəftar da faciə deyil, mentalitetimizi qıcıqlandırmır. Faciə təkcə bu gün bir qadının gözünə qaz sıxılmasıdır. Əslində isə bu gün baş verənlər illərboyu davam edən susqunluğun nəticəsidir.

Halbuki ana mövzu hansısa əməkdaşın bir qadının və ya yaşlı kişinin gözünə qaz sıxması deyil. Problem bütövlükdə ölkədə – istər dağda, istər aranda, bütün vətəndaşlara qarşı on illərdir tətbiq olunan, sistematik zorakılıqdır. Bir neçə gün əvvəl Daşkəsəndə də oxşar proseslər yaşandı, etiraz edənləri zorakılıqla susdurdular, həbs etdilər, iki gün sonra isə hər şey unuduldu.

Problem odur ki, bir icmanı hansısa bir məsələ narahat edəndə, hökumət (onun menecerləri) oturub həmin icma ilə problemi müzakirə etmək, birlikdə həll yolu tapmaq əvəzinə dərhal onun üzərinə dəyənəkliləri göndərib divan tutmağı, həbs etməyi üstün tuturlar. Hətta yerli icmanın həyat və sağlamlığı üçün çox böyük risk yaratdığına dair ciddi ehtimalların olduğu bir mövzuda da seçdikləri yanaşma camaatla müzakirə etmək deyil, onun üzərinə qoşun yeritməkdir. Bu minvalla ilərdir paytaxtda etiraz edənləri paytaxtda əzdilər, kənddə etiraz edənləri kənddə əzdilər, bu gün danışmağa başlamış ziyalılar isə susdu.

Əgər bu ekoloji mövzuda camaatın səhv olduğuna əmindirlərsə, çıxıb bunu açıq izah etsinlər, həmin icmanın və müstəqil ekoloqların iştirakıyla görüş təşkil etsinlər. Axı bu gənc, ingilisdilli menecerlər Qərbdə təhsil aldıqları illər ərzində öz gözləri ilə dəfələrlə görüblər ki, kənardan kimsə gəlib bir icmanın ərazisində iş görmək istəyəndə mütləq təklif olunan layihəni bir neçə həftəlik həmin o icmanın müzakirəsi və rəyləri üçün açıq saxlayır, görüş keçirir (townhall), onların rəylərini öyrənir.

Əmin olun ki, bu problemin “ana-bacı-xala-bibi” söhbətlərinə qədər kiçildilməsi və sonda qadına qarşı vəhşilik etmiş 1 ya 2 əməkdaşın “cəza”lanmasıyla yekunlaşması birinci növbədə elə yuxarıların, onun texnoloqlarının işinə yarayır. Hətta bu gedişlə “qadına qarşı zorakılıq etmiş əməkdaşı cəzalandıran”lar bu prosesdən uduşlu çıxacaq, işin marketinq tərəfini və sosial psixologiya aspektlərini düzgün qursalar.