Azərbaycanda şəkər tozunun bahalaşdığı və onunla bağlı müəyyən qıtlıq yaşandığı bildirilir. Son günlər mağazalarda şəkər tozunun bir kiloqramı 1.6 manatdan 1.8-1.9 manata yüksəlib.
Ötən il Azərbaycanda eyni vaxtda oxşar problem yaranmışdı və şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti 67 manatdan 75 manata qalxmışdı. Onda bunu həm yayda şəkər tozuna tələbatın artması, həm də dünya bazarında onun qiymətində artımının müşahidə olunması ilə izah etmişdilər. Üstəlik, bildirildi ki, Azərbaycan özünün bu məhsula tələbatını tam ödəmir.
İstehsal azalıb, ixrac artıb
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 99.2 min ton qənd və şəkər tozu istehsal edilib. 2022-ci ilin analoji dövründə bu göstərici 99.5 min ton təşkil edib. Yəni, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qənd və şəkər tozunun istehsalı, az da olsa, (0.3 min ton) azalıb. Rəsmi statistikaya əsasən, Azərbaycanda şəkərdən ərzaq məhsulu kimi istifadə illik 260-270 min ton təşkil edir.
İxraca gəlincə isə, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 18 min 581 ton şəkər ixrac edib. 2022-ci ilin eyni dövründə Azərbaycan xaricə 14 min 448 ton şəkər satmışdı. Bu isə o deməkdir ki, ölkədən şəkərin ixracı 28.6 faiz (4 133 ton) artıb.
Azadlıq radiosu