Taksilərdən gələn gəlirlərə də göz dikiblər

AXCP sədri Əli Kərimli

Bəh, bəh, nazir bax belə olar. Əliyevlər hakimiyyətinə necə də yaraşır.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Birmənalı şəkildə taksi qiymətləri qalxacaq. Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur” deyib.
Əlbəttə, taksi qiymətləri qalxmalıdır. Necə ola bilər ki, milyonlarla azərbaycanlı taksi xidmətindən istifadə etsin. Olmaz axı belə. Hamı yerini bilməlidir. Sadə azərbaycanlının nə həddi var ki, vaxtaşırı taksidən istifadə etsin? Təbii, taksi qiymətləri qalxmalıdır ki, belə yaramaz hallar aradan qalxsın.
Taksi xidməti bahalaşmalıdır. Çünki 67 min azərbaycanlı 14-16 saat işləyərək, hökumətə yalvarmadan taksi sürməklə ailəsinə minnətsiz çörək qazanır. Təbii ki, belə hallara dözmək olmaz. Bu ölkədə ya ac qalmalısan, ya da qazandığın bir tikə çörəyə görə də hökumətdən asılı, minnətli olmalısan. Sən demə 67 min ailə bu qaydanı pozurmuş. Həm çətinliklə də olsa çörək qazanır, həm də hökumətdən minnətli deyil.
Taksi xidməti həm də ona görə bahalaşmalıdır ki, bu günlərdə Paşa Holdinq bu sahəyə də əl qoyub. Olmaz axı ki, bu boyda milyarder şirkət balaca pullarla, ucuz qiymətlə iş görsün. Təbii ki, adamlar alışıblar qaz vurub qazan doldurmağa. İndiki taksi qiymətləri heç Paşa Holdinqin ad-sanına yaraşırmı? Təbii ki, yaraşmır və tədbir görülməlidir.
Bəs sadə azərbaycanlılar nə etsin bu vəziyyətdə? Hökuməti bu sual maraqlandırmır. Onlar çoxdandır ki, qərarlarını verəndə sadə insanların vəziyyətini nəzərə almırlar. Çünki əmindirlər ki, sadə, əzilən azərbaycanlılar rejimin onlarla hesablaşması üçün heç nə etmirlər. Belə düşünməkdə haqsızdırlarmı?..