Rusiyanın iki neft emalı zavoduna dron zərbələri endirilib

Moskva xəbər verir ki, Ukrayna artilleriyası Rusiyanın içərilərində olan şəhərə bu həftə üç dəfə zərbələr endirib.

Məlumatda deyilir ki, mayın 31-də Rusiyada iki neftayırma zavoduna dron zərbələri endirilib, Rusiyanın işğalı altında olan şərqi Ukrayna ərazisində artilleriya zərbələri nəticəsində 5 nəfər həlak olub.

Reuters agentliyi yazır ki, Ukrayna tərəfi hələ ki, Rusiyanın bu məlumatlarını şərh etməyib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Şebekino qəsəbəsində 4 nəfər yaralanıb, artilleriya zərbələri nəticəsində yaşayış binasına, dörd evə və məktəbə ziyan dəyib.

İki gün əvvəl Qladkov bildirmişdi ki, qəsəbədəki iki sənaye qurğusuna zərbə endirilib.

Reuters yazır ki, hər iki tərəf bir-birinin qoşun cəmləşdirmələrinə zərbə endirdiyini iddia edir.

Ukraynanın Luhansk regionunda Moskvanın təyin etdiyi rəsmilər bildiriblər ki, Ukrayna Karpatı kəndinə ABŞ istehsalı HIMARS raketləri ilə zərbələr endirib.

Ukrayna silahlı qüvvələrinin baş qərargahı bildirir ki, ölkənin şərqində Rusiya qoşunlarının 22 hücumu dəf edilib və Ukrayna hərbi təyyarələri Rusiya ordusunun canlı qüvvələrinə və hərbi texnikasına 11 hava zərbəsi endirib.

Azadlıq radiosu