“Azərbaycan səfirliyi bağlanan gündən konsulluğun iş yükü artıb, həmyerlilərimizin işləri çətinləşib. Axı, sənəd işlərimizi səfirlik həll edirdi, indi qalmışıq çətin vəziyyətdə”, – bu sözləri AzadlıqRadiosuna 12 ildən çoxdur İranda yaşayan azərbaycanlı Gülər Rəzmi deyir.
Bu il yanvarın 30-da Azərbaycan səfirliyinin əməkdaşları Tehrandan evakuasiya edilib, səfirliyin fəaliyyəti dayandırılıb. Yanvarın 27-də səfirliyə silahlı hücum edən şəxs diplomatik missiyanın mühafizə xidmətinin rəisini qətlə yetirmiş, iki mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanmışdı. Azərbaycan bu hücumu “terror aktı” adlandırıb. XİN isə vətəndaşları İrana səfərdən çəkinməyə çağırıb. İran səfirliyə silahlı hücumun araşdırılacağını bəyan edib.
“Çətindir”
Ailə qurandan sonra Təbrizə köçən Gülər Rəzminin həm işi, həm də təhsili ilə bağlı vaxtaşırı səfirliyə yolu düşürdü. Səfirlik bağlanan gündən isə həllini gözləyən problemlərinin üstə-üstə yığıldığını deyir.
“Səfirlikdə pasport, uşaqların doğumunun qeydiyyatı, səsvermə barədə məlumat vermək,.. həbs edilmiş, xəstə və ya ehtiyac içində olanlara, uşaqlarından ayrı qalmışlara yardım, ölümlərin qeydiyyatı kimi vacib xidmətlərdən yararlana bilirdik. Yaxud da polisə getməzdən əvvəl oğurluq və itki halları haqda səfirlik nümayəndəsindən yol göstərməyini xahiş edirdik. Səfirlik əməkdaşları da bizi tanıyır, istənilən mövzuda əl uzadırdı. İndi özümüzü yetim kimi hiss edirik. Konsulluğun fəaliyyəti başqa cür tənzimlənir, indi məcbur olub bizim dərdlərimizə də çarə tapmağa çalışırlar. Amma çətindir”, – Rəzmi danışır. O, İranda bir çox problemlərin onsuz da gec həll olunduğunu düşünür, “səfirliyin öhdəsindən gəlməyə çalışdığı problemlər indi daha qabarıq hala gəlib”, – deyə əlavə edir.
Azadlıq radiosu