Aşot Paşinyanın oğurlanması üzrə cinayət işi açılıb, saxlananlar var

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın məlumatı əsasında İstintaq Komitəsi adam oğurluğu maddəsi üzrə cinayət işi açıb.

Baş nazirin ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti “Aşot Paşinyanı evinin yaxınlığında oğurlamağa cəhd etdilər” başlıqlı məqalə dərc edəndən təxminən bir saat sonra 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri polisə aparılıb. Onlar Jora Saakyanın atası Vahid Saakyan, Mxitar Qaleyanın atası Qarik Qaleyan və Jora Martirosyanın anası Qayane Akopyandır. Bu haqda AzadlıqRadiosunun erməni xidməti yazır.

“Haykakan Jamanak”ın yazdığına görə, adam oğurluğunda iştirak edənlər “Oğulların harayı” ictimai təşkilatının üzvləridir və onlar Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər. Ancaq Paşinyan dayanmış avtomobildən düşə bilib, amma bu zaman həmin təşkilatın onları təqib edən avtomobili ilə toqquşub. Qəzetin yazdığına görə, Paşinyanın ayağı zədələnib, “Oğulların çağırışı” QHT-sinin üzvləri hadisə yerindən qaçıblar.

Valideynlər nə deyirlər

“Azatutyun” radiosunun çəkiliş qrupu “Oğulların harayı” təşkilatının ofisinin qarşısında olarkən polis valideynləri içəri gətirməyə başlayıb. Ölən hərbçi Jora Saakyanın anası Zoranuş Saakyan da təşkilatın ofisində olub və o, gətirilənlər arasında ərinin də olduğunu bildirib. Zoranuş Saakyan təsdiqləyib ki, həmin gün (mayın 17-də) ölən hərbçilərin valideynlərindən birinin işi üzrə məhkəmə iclasından sonra Aşot Paşinyanla görüşüblər:

“Bu gün məhkəmə var idi, ora gəldi. Böhtan atırlar ki, guya valideynlər onu qaçırıb, amma biz qaçırmamışıq. Qayane Martirosyanın məhkəməsi idi, Qayaneyə dedim: gəl, özü gəldi, ona toxunmadıq. Özü də səssizcə oturdu … və maşından düşdü, getdi”.

“Haykakan Jamanak” ölən hərbçi Mxitar Qaleyanın atası Qarik Qaleyanın adam oğurluğuna cəhddə əli olduğunu iddia edib. Saxlanılan zaman “Azatutyun” radiosunun müxbiri ona bir neçə sual verə bilib. O, kiminsə baş nazirin oğlunu qaçırmağa cəhd etdiyini təkzib edib.

“O, məhkəmənin yanından keçirdi, sonra valideynlərdən biri ilə oturdu. Analardan biri dedi: biz Yerablura (Yerevanda hərbi məzarlıq – red.) gedirik, bu oğlanların gözünün içinə bax və onların etdiklərini valideynlərinə danış. Maşına mindi, getdilər, hardasa Üçüncü sahədə maşının qapısını açıb düşdü. Yəqin ki, maşın hərəkətdə olub. Arxada gələn beş maşından birində idim, o, çıxıb qaçanda mən də onu vurmamaq üçün yavaşladım”, – Qaleyan deyib.

Azadlıq radiosu