“Görünən dağa bələdçilik”

Natiq Güləhmədoğlu

Siyasətdə çox zaman hamının bildiyi şeyləri izah etməyə ehtiyac olur. Əksərən də ona görə ki, bəzən “bunu ki hamı bilir” saydığımız şeyləri heç də hamı (çoxluq) bilmir. Ona görə indi yazacağım çox sadə faktları öz dostlarınızla bağlaşmağı sizdən xahiş edirəm.
***

  1. Belə bir insan var, Əlizamın Salayev. Cəbhəçidir. Salyanlıdır. Əlizamin türmədə 99 gün idi aclıq aksiyası keçirirdi. Bu gün komaya düşüb. İndi halı necədir, xəbərsizik.
  2. O niyə aclıqla özünə zülm edir ki?

Çünki, Əlizamın günahsız yerə həbs edildiyini, şərləndiyini deyir.
Bu Əlizaminin ikinci siyasi həbsdir. O azadlığın hələ dadını çıxarmamışdı. İkinci dəfə şərlənməyi o özü üçün dözülməz sayır, haqlı olaraq azadlığa buraxılmasını tələb edir.

  1. Bəs birinci dəfə niyə həbs edilmişdi, bilirsiniz?

Deyirəm. Salyanda bir çaqqalyosunlu polis zabiti, atoğrusu Həmzə bir qızın müdafiəsizliyindən istifadə edərək onun başına pislik gətirmişdi. Əlizamin bu faktı biləndən sonra atoğrusu Həmzənin qabağını kəsərək, onu töhmətləmiş, bu söhbəti videoya çəkib ictimailəşdirmişdi. Normalda necə olmalı idi? Atoğrusu polisi işdən türməyə atmalı idilər. Ancaq, “arxalı it qurd basar” məsəlinə uyğun olaraq, qotur Həmzənin yerinə bir hiylə qurub Əlizamini azadlıqdan məhrum etdilər. Türməyə yollayana qədər isə onu inzibatı həbs edərək ağır işgəncələrə məruz qoymuşdular ki, “daşı ətəyindən töksün, bayrağını götürüb o tərəfə keçsin”. Əlizamin razılaşmamışdı. Beləcə, həbsə getdi. Azad oldu, yenə eyni prinspiallıqla mübarizəsinə davam etdi.
Tablo aydındımı? Azərbaycanlıların bütün haqlarını qəsb edən rejim vətəndaşının sözünü demək cəsarətini, hünərli olmasını, dikduruşunu qəbul edmir, bu halı öz üfunətli möhtaviyyatı üçün təhqir sayır və buna görə də gözümüzün önündə Əlizamini öldürür.

“Əlizamin fakt”ından heç kim gözünü gizlətməyə çalışmasın.
Hamımız Əlizamin ola bilməsək də, hamımız potensial olaraq yuxarıda danışdığımız o zavallı qızıq.
Əlizaminlər yaşamalı, güclü olmalıdır ki, bu vəhşiləşmiş, insani hisslərini itirmiş rejim önündə çarəsiz, aciz, məzlum vəziyyətdə qalanların danışan dili, etibarlı sipəri olsun.