Almaniyadan qaytarılandan sonra həbs olunan: ‘…hərəsi bir kolun altında gizlənibmiş…’

Almaniyadan deportasiya olunub Bakıya göndəriləndən az sonra burada həbs olunan Samir Aşurov deyir ki, bu, onun üçün gözlənilməz olmayıb. Çünki ondan öncə Almaniyadan Azərbaycana qaytarılan dörd nəfər siyasi fəal eyni aqibətlə üzləşmişdi. Aşurov bunu mayın 15-də öz məhkəməsində deyib.

1 il 1 aydır həbsdə olan Aşurovun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttiham

O, 2022-ci ilin aprelində metronun “Neftçilər” stansiyasının yaxınlığında Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Cinayət işinin materiallarında iddia edilir ki, Aşurov aprelin 19-da axşam saat 21.15 radələrində küçədə telefonuna baxa-baxa gedəndə üzbəüz gələn Nəbiyevə çiyni ilə toxunub. Nəbiyev buna görə ona irad bildirib. Bu üzdən Aşurov onu yerə yıxıb, üstündəki bıçaqla qarın boşluğundan iki zərbə vurub.

Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib. Bu maddələrdə 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin Aşurov özünü təqsirli bilmir, bu ittihamın uydurma, hadisənin isə əvvəlcədən planlaşdırılmış təxribat olduğunu deyir.

Onun işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində bir ilə yaxındır ki, başlayıb, 10 dəfədən çox təxirə salınaraq keçirilməyib. Aşurov və onun vəkili zərərçəkmiş qismində tanınan Nəbiyevin özünün də məhkəmədə iştirakını tələb edir, ona sualları olduğunu bildirirlər. Lakin zərərçəkmiş qismində tanınan şəxs məhkəməyə gəlməkdən imtina edir.

“Qətiyyən yeni yara yeri deyildi”

Mayın 15-də onun vəkili məhkəmədə bildirib ki, zərərçəkmişin səhhətində problemlər var, bu üzdən iştirak edə bilməyəcək. Lakin Aşurov bununla razılaşmayıb, onun barəsində məcburi gətirilmə qərarı çıxarılmasını istəyib.

“O adam Nizami rayonundakı polis idarəsində qarnındakı yara yerini göstərdi. Qətiyyən yeni yara yeri deyildi. Bir neçə il əvvəlki yaranın yeri idi, təzə yara kimi göstərirdi. Saxtakarlıq eləyirdi. Hamı bilir ki, bu, məni həbs etmək üçün bir oyundur, mən kimisə vurmamışam. Mənim üstümdə bıçaq olmayıb”, – Aşurov məhkəmədə bildirib.

Azadlıq radiosu