Damarı deşilmiş hüquq

Yaxud, idarəçilik narkomaniyası

İlham Hüseyn

Ölkədə narkomaniyanın tüğyan etdiyi hamıya məlumdur. Ölkənin hər yerində genefondun ölüm küləyi əsir. Gənclər heroinin, patının, nəşənin sevdalısı olub. Hər yerdə damarını deşib, həyata o deşikdən baxan gəncləri görmək mümkündür. Ölkəyə 2 kilo banan keçirmək müşkül olsa da, tonlarla narkotik vasitə keçirmək mümkün olur. Əzəmətli hökumətimiz damarına iynə yeridənlərin qarşısını almaq əvəzinə, bu ölkənin damarına ədalət, azadlıq, demokratiya iynəsi yeritmək istəyənlərə qənim kəsilib.
Əlzamin Salayev 95 gündür ki, ömrünün damarına ölüm yeridir. Haqsızlığa, şərə üsyan edir. Məlum olur ki, onun üzünə duranlar, şahidlik edənlər də narkotika aludəsi olan şəxslərdi. Hüquqsuzluğu gizlətmək, şəri ört-basdır etmək üçün narkomanlara pənah aparıblar. Məhkəmə “ədalətli” qərar vermək üçün narkomanların şahidliyinə istinad edəcək. Bu, dövlət adına növbəti ləkə, məhkəmə adına çamur vurmaqdı. Onsuz da uzun illərdi hüquq sistemi siyasi narkomaniyadan əziyyət çəkir. Onsuz da məhkəmənin ədaləti siyasi patının təsirindədir. Üstəlik, narkotika asılılığı olanları yalan şahidliyə məcbur etmək, ikiqat namərdlikdir. Adamların fiziki sağlamlığı əldən gedib, mənəvi sağlamlığını da yalan şahidliklə məhv edirlər.
Bu ölkədə bütün neqativlərin aradan qalxması üçün idarəçiliyin narkomaniyasından xilas olmaq lazımdır. Əks halda, narkotika asılılığı olanların da xilası mümkünsüzləşir. Hüququn, məhkəmənin damarları deşik-deşik olubsa, vətəndaşın taleyinin sağlamlığı da şübhə altındadır.