Diktatorlara güvənən dələduzları “yeyirlər”

Qənimət Zahidin Fransada dərc edilən bu yazısı İlham Əliyevin Almaniya səfərindəki bir kuryozla bağlıdır. Yazının orijinalının linki aşağıda verilir.

Anlayıram ki, bu yazını oxuyandan sonra Avropa ölkələrinin, o cümlədən Fransanın vətəndaşları «belə hallar bizdə də olur,..» deyə bilərlər. Amma diktaturalarda belə hallar olmur, diktaturalar belə hallardan ibarətdir.
Bu yaxınlarda Almaniyadan mənə müraciət etdilər. Almaniya vətəndaşı olan Brocksmith Parvana Azərbaycanda üzləşdiyi bir anlaşılmaz məsələ ilə bağlı müraciət edib məsləhət istəyirdi. Mən əlbəttə, ona vəkilə müraciət etməyi məsləhət gördüm və o da belə etdi. İndi həmin məsələ Azərbaycanın hüquq mühafizə orqanlarında dolaşır və əminəm ki, həll edilməyəcək. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevə (kopyaları başqa rəsmi şəxslərə) göndərdiyi məktubda Brocksmit P. belə yazır: «2023- cü ilin mart ayının 13 – də Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfəri çərçivəsində bir qrup iş adamı ilə görüşüb onları Azərbaycana investisiya qoymağı təşviq etmişdir…. Bu görüşdə iştirak edənlərdən biri, «Tauber» şirkətinin rəhbəri Jan- Bernd Kapperhold Azərbaycandakı yaxın dostu Aqil Kərimzadə ilə birlikdə başqalarına qarşı iqtisadi cinayətlərə görə, eləcə də saxta sənədlərin düzəldilməsi, saxta etibarnamələrlə biznesin ələ keçirilməsi kimi ağır ittihamlar üzrə cinayət işi açılmlşdır…. Reyestr 7E-4058, Reyestr 7E 3940, Reyestr 7E-8508, Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindəki işin dosye Nömrəsi: 182026116, cinayət işinin açılma tarixi 12.06.2018 ».


Bu cinayət işi xanım P. Brocksmithin iddiası üzrə açılmışdır, o zamandan indiyə qədər davam edir, daha doğrusu, davam etmir, vəkillər dəyişir, iddiaçının Azərbaycana girişinə qadağa qoyulub.
Bu epizod çox nümunəvidir.
Azərbaycan prezidenti Almaniyada və ya başqa ölkələrdə iş adamları ilə görüşərkən onların kimliyini bilirmi ?Əlbəttə, protokol xidməti onların hər biri haqqında müfəssəl bilgilər topladıqdan sonra belə yüksək səviyyəli görüşlərə buraxılır. Amma belə görünür ki, indi bu cür görüşlərə daha aşağı ranqlardan və şübhəli reputasiyası olan iş adamlarının buraxılması adiləşib. Nəyə görə ?
Hələ 2014- cı ildən başlayaraq Azərbaycanı böyük xarici şirkətlər tərk etməyə başladılar. Bu şirkətlərin Azərbaycanı tərk etməsinin bir neçə mühüm səbəbi vardı ;

  1. Müstəqil məhkəmə sisteminin yoxluğu;
  2. Xarici bankların fəaliyyətinə icazə verilməməsi, yerli bankların soyğunçu kredit faizləri;
  3. Ölkədə məmur- oliqarxların monopoliyasının tətbiq edilməsi. Özəlliklə, prezident ailəsinin iqtisadiyyatın bütün sahələrini ələ keçirməsi. Əlbəttə, bir çox başqa səbəblər də vardı, amma məncə ən əhəmiyyətli səbəblər bunlardır.
    2014- cü ildən başlayaraq Azərbaycanda hakim ailə bütün iqtisadi sektoru, ticarətdən tutmuş turizmə, sənayedən tutmuş kənd təsərrüfatına qədər bütün sahələri öz nəzarəti altına almağa başladı. Bütün böyük iş adamları vuruldu, onların biznesini ələ keçirdilər. Bu iş adamlarının əksəriyyəti də elə nazirlər və başqa vəzifəli şəxslər idi. İndi bu proses başa çatıb. İlham Əliyevin tez- tez «biz ölkəyə xarici investorları cəlb edirik » kimi açıqlamaları isə boş demoqogiyadan ibarətdir. Heç bir ciddi xarici şirkət korrupsiyanın tüğyan etdiyi belə ölkəyə investisiya qoymaz və qoymur. Amma xarici şirkət adı ilə də hansısa investisiyalar yatırmaq lazımdır ki, daxili təbliğat üçün istifadə edilsin. Belə hallar üçün cənab N1-in ailə üzvlərinin və qohumlarının adına müxtəlif xarici ölkələrdə, o cümlədən də Avropa ölkələrində açıan şirkətlərin vəsaitlərinin bir qismi cəlb edilir. Bu şirkətləri o qədər də uzaqda axtarmağa gərək yoxdur. 2016- cı ildən başlayaraq Azərbaycan nazirlərinin Avropa ölkələrində qurduğu şirkətlərin əksəriyyəti Prezident ailəsinin nəzarətinə verildi, onların özləri isə vəzifələrindən azad edildilər, korrupsiya cinayətlərinə görə həbs edilmək əvəzinə sərbəst buraxıldılar. Çünki bütün bizneslərini və mülklərini prezidentə təslim etdilər. Baxın, həmin bu şirkətlərin vəsaitlərini Azərbaycana köçürmək prosesini «xarici investisiyanın cəlb edilməsi » adlandırmağa başladılar. Amma o vəsaitlərin hamısı yox, cüzi bir hissəsi nümunə üçün, daxili təbliğatda istifadə ediləcək qədər köçürülür, qalanları isə elə Avropa məkanında dövriyyədə qalır.
    Amma gerçəkdən, Azərbaycan kimi korrupsiyaçı və diktaturanın olduğu ölkələrin də bir qayğısı var. Onlar da istəyirlər ki, adları pozitiv olaraq hallansın. Bunun üçün böyük pullar xərcləyirlər, amma yenə də əlahəzrət korrupsiya, bu dəfə beynəlxalq miqyasda. Məsələn, 2021- ci ildə bəli oldu ki, Azərbaycan rəsmiləri Dünya Bankının Doing Buisness reytinq cədvəlində yaxşı yerə düşmək üçün babat rüşvət ödəyirmiş. İnsafən bu prosesdə başqa avtoritar ölkələrin də adları hallanmışdı. Buna görə də Dünya bankı bu layihəni bağlamağa məcbur oldu.
    İlham Əliyev isə öz ölkəsində çox şəffaf və cəlbedici investisiya mühitinin olduğu barədə yalançı təbliğatı Avropaya daşımaqda maraqlıdır. «Bəlkə kimsə tilova düşdü». Buna görə də, cənab diktator bütün səfərlərində belə proqramlar təşçkil edir, iş adamları ilə ayrıca görüş keçirir, amma sonra da bəlli olur ki, «iş adamları ilə » bu cür görüşlərdə iştirakçıların yarısından çoxunu o özü ilə Azərbaycandan gətirib, bir qismi özünün Avropadakı partnyorlarıdır, bir qismi də «tilov üçün» nəzərdə tutulanlar.
    Son illər qarmağa düşənlər azdır, dünya daha hiyləgər olub. Amma dələduzlar da çoxalıb. Onlar isə bütün ölkələrdə var. Almaniya vətəndaşı xanım P. Brocksmithin Azərbaycandakı biznesini və mülkünü qopara bilənlər də Berlində prezident İlham Əliyevin iş adamları ilə görüşündə kübar qonaqlar kimi iştirakçı ola bilirlər.
    Müasir diktatorlar ideyalı deyillər, onların hakimiyyəti qoruyub saxlamaqdan başqa ideyası yoxdur. Hakimiyyəti isə ideya xatirinə yox, daha çox sərvət toplamaq üçün qoruyub saxlamağı düşünürlər.
    Diktatorlara güvənirsizsə, 1. Bu sizin seçiminizdir ; 2. Siz dələduzsunuz ; 3. sizi yeyəcəklər… https://www.agoravox.fr/tribune-libre/article/les-fraudeurs-qui-font-confiance-248261