Britaniyalı polkovnik: ‘Putin və generalları hansısa qələbəyə boş ümid bəsləyirlər’

Britaniya ordusunun polkovniki, hərbi analitik Hamiş Stiven de Bretton-Qordon (Hamish Stephen de Bretton-Gordon ) əvvəllər NATO və Böyük Britaniyanın kimyəvi, bioloji, radioloji və nüvə reaksiya qoşunlarına komandanlıq edib.

De Bretton-Qordon AzadlıqRadiosunun gürcü xidmətinə müsahibəsində Rusiya prezidenti Vladimir Putinin nüvə təhdidlərinin “əks nəticə verib-verməməsi” haqda danışıb. Ukrayna müharibəsi başa çatdıqdan sonra Rusiyanın “əhəmiyyətinin azalmasının” qaçılmaz olduğunu da qeyd edib.

De Bretton-Qordon müsahibəsində deyib: “Açığı, “Rusiyanın qələbəsi”nin necə görünəcəyini bilmirəm. Putin keçən ilin fevralında başlatdığı “xüsusi hərbi əməliyyat”ı NATO-nun genişlənməsinin, NATO-nun şərqə doğru irəliləməsinin qarşısını almaq və Ukraynanı Rusiyaya qaytarmaq niyyətilə izah edirdi. Əgər Putin hələ də buna nail olmağa çalışırsa, deməli, onun qələbə şansı yoxdur. NATO-nun genişlənməsini önləmək üçün atdığı bütün addımlar əks effekt verdi. Təkcə iki həftə əvvələ baxsaq görərik ki, Avropanın ən güclü ordusuna sahib Finlandiya NATO-ya qoşuldu…, NATO-nu Ukraynaya dəstək üçün səfərbər etdi.

…Putinin ordusu məhv edilib, onun bərpası illərlə çəkəcək. 2 min tank itirdiyi deyilir. Gerçək itki sayını əldə etmək çətindir. Britaniya hökuməti və mənim inandığım ABŞ hökuməti 220 mindən çox ölü və ya yaralı olduğunu deyir. Bu, çox böyük rəqəmdir.

Bəzi şərhçilər düşünürlər ki, bəlkə ukraynalılar danışıqlar masası arxasına keçib, Krımla bağlı danışıqlar aparsınlar. Mən qətiyyən belə düşünmürəm. Məncə, Ukrayna Prezidenti Volodimir Zelenski özü üçün zəfərin nə olduğunu çox aydın şəkildə ifadə edib – Rusiya qoşunlarını 2014-cü ilə qədərki sərhədlərə çəkməlidir. Ona görə də hesab edirəm ki, Putin və onun generalları hansısa qələbə qazanacaqlarına boş yerə ümid edirlər”.

Azadlıq radiosu