Rusiyanın Belarusda sosial media səhifələrini ələ keçirməsindən şübhələnirlər

VKontakte (VK) sosial media saytındakı “This Is Homel, Baby!”qrupu 136 minə yaxın üzvü ilə Belarusun cənub-qərbinə xidmət edən ən populyar sosial platformadır.

Alyaksandr Lukaşenkanın yenidən prezident elan olunduğu qalmaqallı 2020-ci il prezident seçkilərindən sonrakı etirazlarda qrup nümayişçiləri dəstəkləyir, polisi və dövləti tənqid edən materiallar yayırdı.

Etirazlar başa çatdıqdan, müxalifət liderləri ölkədən qovulduqdan və ya həbs edildikdən sonra Homel qrupu daha neytral mövqe göstərməyə başladı. Diqqəti yolların pis vəziyyəti və sınmış küçə lampaları kimi yerli xəbərlərə yönəldən qrup vaxtaşırı hökumətyönlü postlar da paylaşdı.

Martın ortalarında abunəçilər səhifəyə daxil olduqda onun adının dəyişdirilərək “Homel – Qlavnoye” (Homel – Əsas!) qoyulduğunu gördülər.

Qrupun keçmiş admini adının açıqlanmaması şərti ilə AzadlıqRadiosunun Belarus xidmətinə deyib: “Səhifənin sahibi onu satdı. Yeni sahib bütün redaktorları və idarəçiləri işdən çıxardı. İndi ya özü hər şeyi edir, ya da öz adamlarını gətirir”.

Vitebsk, Mogilyov, Jlobin, Orşa və digər şəhərlərdə də oxşar hadisələr baş verib. Məşhur yerli xəbər qrupları eyni formada, “Qlavnoye” adıyla yenidən fəaliyyətə başlayıb. Onlayn tarixçələr göstərir ki, onlar 2012-ci ilə qədər müxtəlif illərdə yaradılıblar, amma martın ortalarından hamısı yeni adlarla fəaliyyətdədirlər.

Azadlıq radiosu