O,savaş adamıdır!

Qənimət Zahid

Əlizamin Salayev fenomenal görk yaradır!
85 gündür ki, aclıq aksiyasını davam etdirən Salayev bu dünyada azadlıq üçün savaş vermiş, bu savaşda canından başqa bir nəsnəyə imkanı olmaması üzündən tədrici ölümü ilə azadlığa qəsd edənlərin qarşısına çıxan böyük mübarizə adamlarının qüdrətini göstərməkdədir!
Ölüm aclığı ilə azadlıq üçün mübarizə aparan, hətta bu yolda ölərək əfsanələşmiş insanlar var. Sovet dissidenti Anatoli Marçenkonu xatırlayıram, aclığın 114- cü günündə öldü.
Britaniya həbsxanasında ölən Bobbi Sends dünyanın mərdanə insanlarının, azadlıq üçün həyatını fəda edənlərin əfsanəvi dastan personajlarından daha biridir. Krım türklərinin milli azadlığı üçün Sovet həbs düşərgələrində dəfələrlə uzun müddətli aclıq aksiyası keçirən Mustafa Cəmilov dünya dissidentlərinin şərəf siyahısındadır.
Azərbaycanlı Əlizamin Salayev bu əfsanə insanların varisi kimi davam edir. Bu inadlı mübarizə yalnız haqlı olanda, şərin və böhtanın qarşısında yenilmək istəməyəndə insanın iradəsini səfərbər edə bilir. Heç bir haqsız insan azadlıq üçün həyatını qurban verəcək qədər inadlı ola bilməz.
Azərbaycanlı Əlizamin Salayev bu gerçəyi indi bütün azərbaycanlılara və bütün dünyaya sübut etməkdədir.
Tarixən, azadlıq uğrunda həyatını fəda edənlər qaliblər kimi xatırlanır və öyrənilir. Xarakter önəmlidir! İradə yalnız ədalət meyarının tarazlığı üçün dirəniş zamanı işlək mexanizmə çevrilir. Tarix azadlıq üçün həyat alan diktatorları lənətləyir, bundan sonra da belə olacaq.
Əlizamin Salayev onun iradəsindən asılı olmayan diktaturanın onun azadlığına qəsd etməsi ilə razılaşmır, buna üsyan edir. Onun silahı budur, bütün başqa silahları əlindən alınıb. Əksər Azərbaycanlıların haqlı simpatiya ilə andığı mübarizə şairi Xəlil Rzanın müdhiş bir şeirinin qəhrəmanı kimi çıxış edir Əlizamin Salayev:

“Nə qəm, kinlə silahlan!
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü
Qeyrətinlə silahlan!

Arxalı köpəklərə nifrətinlə silahlan!
Xiyabani ruhunu alışdır nəfəsinlə,
cürətinlə silahlan!

Bilirəm, Elbrusdan, Savalandan ağırdı
çiynində sənin yükün.
Telegüzgü, radio, mətbuat çoxdan ölgün.

Yox, sən ölməməlisən!
Hələ ki, gedib gələn nəfəsinlə silahlan!
Qəfəsdəsənmi? Qır, sök, qəfəsinlə silahlan!”

Azərbaycanlı Əlizamin Salayev bəşər tarixinin cəsur insanlarının mübarizə tarixinə daha bir səhifə əlavə edir.
Mən fərqindəyəm ki, azərbaycanlılar onun canı ilə silahlanıb azadlıq uğrunda döyüşə yollanmasına adekvat münasibət göstərə bilmirlər. Bu, sadəcə olaraq, “kimsə öz yurdunda peyğəmbər ola bilmir” misalı ilə bağlı deyil.
Bu, daha çox xəcalət hissi ilə bağlıdır.
Bütün fürsətlərini ərköyün bir diktatorun ayaqları altına sərmiş cəmiyyət, çox zaman, bunca cəsur və qorxmaz insanları özündən biri saymaq istəmir. “O, nədən bu qədər qorxmaz ola bilir?” sualı qorxaqlar üçün qaxınc olduğu qədər də xəcalət duyğuları yaradır.
Əlizamin Salayevin mübarizəsi azadlığı dərk etmiş insanların həyatına ithaf edilən sənədli filmdir.
Kölə xasiyyəti ilə bu savaşın ruhunu anlamaq, dəyərləndirmək mümkün deyil!
Həyatı ilə silahlanıb şərin diktaturasına qarşı savaşan azərbaycanlı Əlizamin Salayev yalnız diktaturaya deyil, mərdliyini, ləyaqətini, cürətini diktaturaya satmış kölələrə də qırmızı kart göstərir!
O, savaş adamıdır!