Heydər Əliyev Vəli Axundovu necə vurdu?

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Akademik Rafael Hüseynov Azərbaycan filoloji elmində özünəməxsus alimdir. Zəhmətkeşdir, maraqlı araşdırmaları, kitabları var. Bir çoxlarından fərqli olaraq yaradıcılıq uğurlarına görə Akademiyanın həqiqi üzvü adına layiqdir.

Amma onun aprel ayı ərzində Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə yazıları doğrusu məni məyus etdi. Ona görə yox ki, bu yazılar Heydər Əliyev haqqında yazılıb. Əvvəllər də yazmışam, çıxışlarımda da demişəm kiçik istisnalarla Sovet dövründə Azərbaycana rəhbərlik etmiş şəxslərin hamısı, o cümlədən Heydər Əliyev haqqında kitab da yazmaq olar, məqalə də. Amma yazılanlar gercək mənzərəni əks etdirməlidir, tərif və mədhiyyə xarakteri daşımamalıdır. Adamlara öz zamanın, xidmət etdikləri sistemin şərtləri daxilində yanaşılmalıdır. Məsələni belə qoymaq olmaz ki, DTK pis idi, amma Heydər Əliyevin xidmət etdiyi, rəhbəri olduğu DTK yaxşı idi. Kommunizm pis idi, amma Heydər Əliyevin rəhbərlik etdiyi Kommunist Partiyası, Siyasi Büro yaxşı idi. Əlbəttə, mən düşünmürəm ki, uzun müddət “Amerikanın səsi”, “Azadlıq” radisosunda işləmiş Rafael Hüseynov bu fərqi bilmir.

Amma! 1971-ci ilin oktyabr plenumundan sonra Heydər Əliyev rəhbər partiya və dövlət işçilərinə vəfat etmiş valideynlərini və yaxınlarını molla ilə, islam qaydaları ilə dəfn etməyi qadağan etmişdi. Həmin vaxt yeni general rütbəsi almış Daxili İşlər Nazirinin müavininin yaşlanmış atası vəsiyyət etmişdi ki, onu molla ilə dəfn etsinlər. Kişi ölür. General bilmir nə etsin. Nə qorxusundan molla çağıra bilir, nə də atasının vəsiyyətindən keçə bilmir. Meyit qalır ortada. Gedir məsləhət üçün İnturistin direktoru işləyə Ağarəhmin yanına. Xeyli müzakirədən sonra Ağarəhim deyir ki, alə Famil (ad şərtidir) general almısan da, bundan sonra admiral olası deyilsin ki, kişinin vəsiyyətinə əməl elə.

Son illər maraqlı məsələ uydurulub. Heydər Əliyevin Sovet dövründə rəhbər işçiləri, 60-cı illərin milli oyanışında rolu olan bir sıra ziyalıları tənqid etməsi, vəzifədən uzaqlaşdırması ilə bağlı belə əsaslandırma verirlər ki, guya bu “qoruyucu” tənqid olub, təqiblərdən xilas etmək üçün vəzifədən çıxarıb və sair.
İndi ay qardaşlar, ay həmkarlar hər şeyi almışınız da (insafən Rafael müəllim əsasən haqq etdiyini alıb), bundan sonra admiral olmayacaqsınız ki, tarixi məddahlıq yarışına çevrilməyən, Heydər Əliyev bütün hallarda bioqrafiyası olan adamdır, onun üçün yeni bioqrafiya uydurmayın.

Akademik Rafael Hüseynov 1969-cu il hakimiyyət dəyişikliyindən, 14 iyuldan sonra Əlievin Vəli Axundova “qayğı və diqqəti” haqqında geniş yazır. Heydər Əliyevin DTK sədrliyinə gətirilməsindən yazır. Bu ideya bilavasitə Axundovdan gəlirdi. Bütün respublika rəhbərləri arzulayırdılar ki, təhlükəsizlik orqanının rəhbəri yerli xalqdan, ən azı “yerli” ruslardan olsun. Heydər Əliyevin 1965-ci ildə DTK sədrinin müavini, 1967-ci ildə sədri təyin edilməsi bilavasitə Axundovun təşəbbüsü idi və hər iki təyinatda Vəli Axundov Moskvada onu təsdiqinə nail olmuşdu.

Rafael müəllim “Yol ayrıcında iki KİŞİ” məqaləsində yazır ki, 1969-cu ilin 14 iyul dəyişikliyindən sonra “Və 1969-cu il iyulun 21-də artıq Birinci katib kimi Heydər Əliyev ilk sənədi imzalayır. Bu, sələfi Vəli Axundovun əvvəlki tibbi və məişət xidmətindən istifadə haqqının qüvvədə saxlanması haqda sərəncamdır…” Bu doğrudurmu? Bəli doğrudur, amma bütün bu məsələlər Moskvda Sovet rəhbərliyi ilə razılıaşdırılmışdı. Lakin hörmətli akademik məsələni sonrasının üzərindən sükutla keçir. Axı, Əliyev Axundovun imtiyazlarının saxlanması haqqında imzaladığı həmin ilk sənəddən az sonra Sov.İKP MK-ya məxfi məktub yazıb Vəli Axundova verilmiş imtiyazların ləğvinə nail oldu. 1969-cu ilin avqust plenumundan sonra MK Bürosunun iclaslarında Əliyev Vəli Axundovu ünvanlı tənqid etməyə başladı. Yeri gəlmişkən Axundovun dövründə avtomobil nəqliyyatı naziriri Vladimir Rasskazov Fəxri Xiyabanda dəfn olunsa da 10 il respublikaya rəhbərlik etmiş Vəli Axundov 1986-cı ildə vəfat edəndə Fəxri Xiyabanda dəf edilmədi.

Azərbaycan DTK-si neft sənayesi və digər sahələrdə sosialist əmlakının dağıdılması ilə bağlı Andropova geniş hesabt göndərdi. 1 milyon ton neft əskik gəlmişdi. Partiya sənədlərində bu israfçılıqla izah edilsə də, Azərbaycan rəhbərliyi Vəli Axundov haqqında cinayət işinin qaldırılmasına, onun elmi dərəcəsinin alınması, akademik adının ləğvi sair təşəbbüslərdə bulunsa da, Moskva buna razılıq vermədi. Ona görə 1996-cı ildə Axundovun 80 illiyindəki Heydər Əliyev onun haqqında çox tərifli çıxış edəndə görünür bunları ya unutmuşdu, ya da olub keçənləri onun özündən başqa heç kəs bilmirdi.

Yeri gəlmişkən Axundovun işdən getmək haqqında ərizəsi Sov. İKP MK-nın təşkilat şöbəsində müzakirə ediləndə ondan öz yerinə kimi təklif edir soruşduqda, Axundov Azərbaycan KP MK-nın sənaye üzrə katibi Əli Əmirovun namizədliyini təklif etmişdi. Amma 1968-ci il Praqa hadisələrindən sonra Moskva yerlərdə yüksək vəzifəyə poqonlu kadrlar axtarırdı. Əliyevdən əvvəl söhbətə general Hüseyn Rəsulbəyov çağırılmışdı. Lakin o, birinci katib olmaqdan imtina etmişdi.

Vəli Axundov vəzifədən çıxarkən son sözündə son illərdə formalaşmış kadr potensialının qorunub saxlanmasını vacib hesab etdi. Amma 1969-cu ilin avqust plenumunda köhnə kadrların təqibi prosesi başlandı. Heydər Əliyev DTK-ya məxfi göstəriş verdi ki, rəhbər işçilər barədə ifşaedici materiallar toplasınlar. Hətta bəzi ifşaedici əməliyyatlar hazırlandı. Məsələn, respublika şəhər partiya komitələrindən birinin birinci katibi Moskvaya ezamiyyətə gedəndə mehmanxanada onun otağına DTK agenti olan bir qadını salıb partiya biletini oğurlatdılar.

Rafael müəllim bu silsilədən olan “Millət gərək bunu bilə”adlı məqaləsində Heydər Əliyevin Birinci Sovet Ensiklopediyasının Baş redaktoru Xalq şairi Rəsul Rzanı xilas etməsindən yazır. Bu “xilaskarlıq” nədən ibarət idi. Rəsul Rza 1965-ci ilin dekabrında bu vəzifəyə təyin edilmişdi. 1970-ci ildə Ensiklopediyanın birinci cildi nəşr edilmişdi. Lakin tezliklə Ensiklopediyanın artıq kitab dükanlarına və kitabxanalara paylanmış 20 min nüsxədən ibarət olan birinci cildi satış yerlərindən və kitabxanalardan yığışdırılıb kağız doğrayan maşında məhv edildi. Rəfael müəllim bu hadisəni Heydər Əliyevdən uzaqlaşdırmaq üçün yazır ki, “Ensiklopediyaya doğru küləklər artıq Moskvadan əsməyə başladı”, Böyük Sovet Eksiklopediyasının Baş redaktor müavini Levon Şaumyan faktoru qabardılır. Amma axı, hər şeydən əvvəl o yaşıl üzlü cildi biz özümüz məhv etdik, Moskvadan göstəriş gəlməzdən əvvəl məhv etdik, Azərbaycan KP MK Bürosunun qərarı ilə məhv etdik. Bir alim, bir ziyalı, bir akademik buna necə bəraət qazandıra bilər? Az sonra 1971-ci ilin oktyabr plenumunda Heydər Əliyevin məruzəsində Rəsul Rzanın ünvanına çox ağır ittihamlar səsləndirildi: “Azərbaycan Sovet Ensiklopediyasının yaradılması böyük əhəmiyətə malik olmalıdır, lakin bu nəcib vəzifə yarıtmaz yerinə yetirilir. Azərbaycan Sovet Ensiklopediyası redaksiyasına kifayət dərəcədə ixtisaslı rəhbərlik edilməməsi nəticəsində öz varlığının beş ili ərzində redaksiya bütün ensiklopediyanın nəşri üçün ayrılan məbləğin yarıdan çoxunu xərcləmişdir. 20 min nüsxə tirajla çap edilmiş yeganə cildi olan birinci cild isə ciddi səhvlər və qüsurlar üzündən indi yenidən işlənməkdədir. Ensiklopediyanın baş redaktoru Rəsul Rza yoldaşı ciddi surətdə məzəmmət etmək lazım gəlir. O, yüksək ixtisaslı kadrlar seçə bilməmiş, redaksiyanın ətrafına ən yaxşı mütəxəssislər toplamağı bacarmamış, materialların seçilməsində prinsipsizlik göstərmişdir”. Halbuki, pul xərclənilmiş, birinci cildi nəşr edilmiş, digər cildlərin də məqalələrinin yarıdan çoxu hazırlanmışdı.

Akademik Rafael Hüsüynov 1975-ci ilin oktyabrında Rəsul Rzanın Ensiklopediyanın Baş redaktoru vəzifəsindən uzaqlaşdırılmasını Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Nəzarəti Komitəsinin məsul nəzarətçisi A.Sokolovun arayışı ilə əlaqələndir. Amma axı Sokolovun Bakıya səfərinə qədər Azərbaycan KP MK-da Heydər Əliyevin göstərişi ilə 23 səhifəlik rəy hazırlanmışdı. Rəydə ağır ittihamlar vardı. Məhz Sokolovun arayışı əsasında deyil, bu 23 səhifəlik rəy əsanda Zaqafqaziya ensiklopediyalarının Yerevanda keçirilən regional müşavirəsindən yarımçıq geri çağırıldı və ciddi ittihamlar Baş redaktor vəzifəsindən azad edildi. MK Bürosu “ASE-nin işində ciddi nöqsanlar haqqında” qərar qəbul etdi. Görünür Rafael müəllim ya bu rəydən xəbərsizdir, ya da onun üzərindən sükutla keçməyə maraqlıdır. Axı Rəsul Rzadan az sonra 50-ci illərin dil mücadiləsində böyük rol oynamış Mirzə İbrahimov da Yazıçılar İttifaqının birinci katibi vəzifəsindən uzaqlaşşdırıldı. Lakin onu da xatırlatmaq lazımdır ki, onların hər ikisini 80-ci illərdə Sosialist Əməyi Qəhrəmanı adına təqdim etdi.

Rəsul Rza əleyhinə baş redaksiyanı kim qaldırmışdı, onun ali təhsil diplomunun olmaması niyə 10 ildən sonra yada düşmüşdü? Kimlər MK-nın müvafiq şöbəsinə gizli şəkildə dəvət edilib Rəsuzl Rzaya qarşı kampaniyaya başlamaq göstərişi almışdı? Bütün bunların sənəd bazası var. Bu komanda Baş redaksiyaya Mərkəzi Komitədən gəlmişdi. Yeri gəlmişkən Ensiklopediyada yeni komanda tərəfindən hazırlanan yeni birinci cild “A” hərfi ilə başlansa da, məhv edilmiş “Yaşıl üzlü” cilddən fərqli olaraq orada Azərbaycan tarixinə, mədəniyyətinə, ictimai fikrinə demək olar ki, yer verilmədi. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr qərarının yerinə yetirilməsi haqqında məsələ 1976-cı il iyunun 11-də Baş redaksiya şurasının iclasında müzakirə ediləndə redaksiya heyətinin üzvü Mirzə İbrahimov istehza ilə soruşdu ki, “Azərbaycan Sovet Ensiklopediyasının birinci cildində Azərbaycan haqqında müxtəsər də olsa, məqalə veriləcəkmi?”

Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan KP MK-nın qərarı ilə Azərbaycansız “A” hərfi ilə başlanan Azərbaycan Sovet Ensiklopediyasının birinci cildi belə “ərsəyə” gəldi.

Doğrusu Rafael Hüseynov kimi istedadlı bir alimin 100 illik kampaniyasında tarixin önəmli məqamlarını gözardı edən belə silsilə yazılar yazması, gercək olayların əksinə gedərək Heydər Əliyevin “xilaskar” obrazını yaratmaq cəhdləri, gecikmiş tarixə uydurulmuş “qoruyucu tənqid” konsepsiyasını əsaslandırması çox kədərli mənzərədir. Ən kədərlisi isə odur ki, belə yazılar sonra mənbəyə, istinad yerinə çevrilir və tarixin saxtalaşdırılması həndəsi silsilə ilə davam edir. Millət gərək bunları da bilsin!