İranda minimum əməkhaqqı artımına niyə etiraz edirlər?

İranda minlərlə əməkçi prezident İbrahim Rəisiyə minimum əməkhaqqının artırılması qərarına etiraz edən məktubu imzalayıblar.

Məktubda deyilir ki, bu artım inflyasiya faizinin heç yarısı qədər də deyil.

20 min işçinin imzaladığı məktubda sözü gedən qərarın dərhal ləğv olunmasına, əvəzində sürətli inflyasiya ilə ayaqlaşa bilməyən bütün maaşların artırılmasına çağırış edilir.

Hökumətin minimum əmək haqqının artırılması qərarı Ali Əmək Şurasının qətnaməsi əsasında qəbul edilib.

Bu şuraya hökumət nümayəndələri, sahibkarlar, fəhlələr və başqa işçilər daxildir.

Qərarda minimum əməkhaqqının 27 faiz artırılması nəzərdə tutulur.

İnflyasiya və bahalıq

İranda fevral ayında inflyasiya 53.4 faiz artıb, istehlak malları isə mart ayına olan məlumata görə 63 faiz bahalaşıb.

Rəisi bu məktuba hələ ki, cavab verməyib, lakin İran mediası hökumətin iqtisadiyyat üzrə sözçüsünə istinadla bildirir ki, hazırda maaşların artırılması məsələsi gündəlikdə deyil.

Hökumətin yeni qərarına əsasən minimum əməkhaqqı 41,790,000 rialdan (82 dollar) 53,073,300 riala (104 dollar) qaldırılmalıdır.

İslam Əmək Şuraları Ali Şurasının direktorlar palatasının üzvü Hüseyn Həbibi deyib ki, maaşın 27 faiz artırılması Əmək Qanununa müvafiq deyil və buna görə də legitim sayıla bilməz.

O habelə deyib ki, işçilər İnzibati Ədalət Məhkəməsinə şikayət təqdim ediblər.

Azadlıq radiosu