İranda 400-dən çox tələbə cəzalandırılıb

İranda akademik qrup son ayların etirazları ilə əlaqədar azı 400 tələbənin təhsil ocaqlarından müvəqqəti kənarlaşdırıldığını, yaxud qovulduğunu bildirir.

Ötən ilin sentyabrın 22-yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib və ölkəni etirazlar bürüyüb. Qadının guya hicabı düzgün bağlamadığına görə saxlandığı açıqlanıb.

İranda Tələbələrin Birlik Şurasının aprelin 13-də yaydığı məlumata görə, qanunsuz proses çərçivəsində 435 tələbəyə qarşı tənbeh cəzası gerçəkləşib. Son həftələr isə etirazçı tələbələri müşayiət etdiyinə görə universitet professorlarının işdən qovulduğu, yaxud müvəqqəti kənarlaşdırıldığı açıqlanıb.

Şura qeyd edir ki, bu qovulmalara reaksiya verən müxtəlif universitetlərin tələbələri aprelin 7-də Twitter-də kampaniya başladıb, tələbə dostlarının geri qaytarılmasına çağırıb.

Əmininin ölümü minlərlə iranlını küçələrə çıxaraq daha çox azadlıq və qadın hüquqları tələb etməyə vadar edib.

Azadlıq radiosu