Daha bir gizli casus proqramı aşkarlanıb

İsrailin gizli casus proqramı şirkətinin azı 10 ölkədə müştəriləri var. Bu şirkətin hək alətlərindən azlıqda olan partiya təmsilçiləri, jurnalistlərə qarşı istifadə olunub. Bu haqda “Washington Post” qəzeti “Microsoft” şirkəti və “Citizen Lab” qeyri-kommersiya təşkilatının araşdırmasına əsasən yazır.

Microsoft QuaDream şirkətinin yaratdığı casus proqramının izlərini Apple şirkətinin iOS əməliyyat sisteminin köhnə versiyalarında aşkarlayıb. Toronto Universitetində yerləşən “Citizen Lab” isə bu data vasitəsilə qurbanları tapıb. İki ayrı-ayrı hesabatda proqramın necə işlədiyi, hansı ölkələrin bu proqramın tutduğu informasiyanın qəbulu üçün server işlətdiyi hərtərəfli təhlil olunur.

Beş qurban

“Citizen Lab” beş qurbanı aşkarladığını bildirir. Sistemin fəndlərindən biri hədəflərin görməyəcəyi təqvim dəvətləri göndərmək olub.

Bir müddət öncə QuaDream-la bağlı marketinq kitabçası yayılanda media orqanları onun müştəriləri arasında Səudiyyə Ərəbistanı, Meksika, Sinqapurun olduğunu müəyyənləşdirib.

“Citizen Lab” isə bildirir ki, Bolqarıstan, Çex Respublikası, Macarıstan, Qana, İsrail, Meksika, Rumıniya, Sinqapur, BƏƏ və Özbəkistanda QuaDream serverləri aşkarlanıb. Bu ölkələrdən bəzilərinin, o cümlədən Meksika və BƏƏ-nin irimiqyaslı insan haqları pozuntularına yol verdiyi, keçmişdə ölkə içində dinc müxalifətə qarşı casus proqramından istifadə etdiyi vurğulanır.

Qurum son qurbanların adlarını açıqlamayıb, onların hazır olduqca özlərinin açıqlama verəcəyini bildirib. Sızdırılan informasiyaların həbslərə, yaxud digər fəsadlara səbəb olub-olmadığı bəlli deyil.

Azadlıq radiosu