Polis İdarəsinin bankında Milli Qəhrəmanın adı yanlış göstərilib -AYIB!
Nizami RPİ-nin rəisi Ziya Əliyevin imzası ilə poçtalyonun gətirdiyi 16.03.2023 tarixli məktubu oxuyanda heç nə anlamadım. Rəis Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarə Xidmətindən Nizami rayon Polis İdarəsinə daxil olmuş müraciətimə (hansı müraciətə? Mən artıq DİN-ə üz tutmuram, onda qala NHİX-növbətçi hissələri idarəetmə xidməti ola – M. B. ) baxıldığını, aparılmış xidməti yoxlama nəticəsində qanunazidd hərəkətlərə məruz qalmanız barədə müraciətdə göstərilən xüsusatların təsdiqini tapmadığını bildirib. Bu cavabla Nizami polis rəisinin hansı qanunazidd hərəkətlərdən söz açıldığını açıqlamadığından tapmaca yetkisi bağışlayır.
Tapaq görək, 1-ci dərəcəli Qarabağ qazisinə, 66 yaşlı DİN-in zabit pensiyaçısına 6 və 9 yaşlı iki körpə nəvəsinin gözü qarşısında on nəfərdən çox yaraqlı-yasaqlı polisin 7 ay qabaqkı 3 sentyabr 2022-ci il tarixli quldur basqısı, 24-cü Polis Şöbəsində qolunu arxadan qandallayıb ölümünə döyülüb, 9 qabırğasının sındırılması, ağ ciyərində hematoma əmələ gətirilməsi , açıq-qapalı baş beyin travması yetirilməsi “xüsusatı”dırmı təsdiqini tapmayan? Yoxsa tibbi yardıma da faşistcəsinə qadağa qoyulması, şöbəyə və idarənin istintaq təcridxanasına çağırılan 6 saylı təcili yardım briqadasına görəvlərini icra etməyə imkan verməməkdir bu “xüsusat”? Bəlkə, iki sutka məhkəmə qərarı olmadan Nizami RPİ-nin istintaq təcridxanasında yaralı durumda saxlanmaq “xüsusatı”ndan danışır rəis? Bəlkə qoluqandallı rentgen müayinəsinə aparmaq, rentgenin 9 qabırğamın sındığını bəlirləyən müayinəsindən sonra da qoluqandallı istintaq – işgəncə kamerasında saxlanmaqdır bu “qanunazidd xüsusat”? Yoxsa məhkəmə qərarı olmadan “protokol qaydasında” evimdə axtarış aparılması , oğluma məxsus həyat yoldaşımın dərs keçdiyi kompüterin aparılması “xüsusatı” yalandır? Axı bu “xüsusatlar” hamısı videokameralara, hətta Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin 05.09.2022 tarixinə saxtalaşdırılan, 14.10.2022 tarixli qərarına da “düşüb”!
Bəlkə, 6 il qabaq sahə müvəkkili Elçin İslamovun Qarabağ qazilərinin köşkünü dələduzluqla – etibardan sui-istifadə etməklə ələ keçirib, savaş əlillərinə 3 min manat ziyan vuran Ərəstun adlı dələduzu rüşvət alıb ölkədən qaçırması “xüsusatı” təsdiq edilməyib?
Bəlkə, 25.02.2023-cü ildə – 35 gündür bank kartından saat yarım ərzində olan – qalan 100 manatdan artıq pulun oğurlanması, 102-yə bir neçə zəngə və 102-dən şikayətin 24-cü Polis Şöbəsinə göndərilməsinə baxmayaraq, oğurluq yerinə gəlməkdən imtinadır “təsdiq edilməyən xüsusat”? Bu “xüsusat” 055600004 nömrəsindən zəng edən 24-cü PŞ-nin polisinin etik davranış qaydalarını pozması deyil, görəsən?
“Tap tapmaca” cavabı göndərilən məktubda “tapıldı”. Nizami rayon Polis İdarəsinin blankında poçt ünvanı “ŞAHİN MİRZƏYEV, 71” yazılıb. DİN Daxili Qoşunlarının igid komandiri, şəhid Milli Qəhrəman ŞİRİN MİRZƏYEVin adını da bilmir DİN-in Bakı şəhəri, Nizami rayon Polis İdarəsi və onun şəxsi heyəti, rəisi? Ayıbdır! Ən azı…
Məğrur Bədəlsoy