ABŞ-ın The Wall Street Journal qəzetinin redaksiya heyəti prezident Co Baydenin administrasiyasını jurnalist Evan Gerşkoviçin həbsinə görə Rusiyaya qarşı sərt cavab tədbirlərinə çağırıb.
The Wall Street Journal qəzeti hesab edir ki, Rusiya hakimiyyəti onun müxbirini “girov” edib və indi Vladimir Putin onun təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır.
Qəzetin redaksiya heyəti hesab edir ki, Bayden administrasiyası Rusiya üzərinə təzyiq göstərməklə Gerşkoviçin azad edilməsinə nail olmalıdır:
“Bayden administrasiyasının diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirməsi zəruridir. Rusiya səfirinin, eləcə də burda işləyən bütün Rusiya jurnalistlərinin qovulması. Ən azı belə varianta baxıla bilər”.

“Putin cəzasız qalacağını düşünür”
The Wall Street Journal qəzetinin redaksiyası qeyd edir ki, “görünür Putin cəzasız olaraq amerikalıları oğurlaya biləcəyini düşünür”.
Qəzetdə bu xüsusda dərc olunmuş məqalədə habelə bu yaxınlarda ABŞ və Rusiya arasında basketbol ulduzu Britni Qraynerin və silah alverçisi Viktor Butun dəyişdirilməsi yada salınır və qeyd olunur ki, bu zaman Rusiya amerikalı Pol Uilanı da qaytarmağa razılaşmamışdı.
Məqalədə habelə bu yaxınlarda Rusiya qırıcısı tərəfindən Qara dəniz üzərində “faktiki olaraq vurulmuş” dronun məsələsinə də toxunulur.
Məqalədə deyilir:
“Bandit liderlər buna görə onlara heç nə edilməyəcəyini düşünərək öz banditliklərini davam etdirirlər”.
The Wall Street Journal hesab edir ki, Rusiyanın onun müxbirinə qarşı irəli sürdüyü ittiham tamamilə əsassızdır.
Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, guya Gerşkoviç üstündə “dəlil-sübutla” tutulub və onun işi “vicdanlı jurnalistləri” narahat etməməlidir.
Peskov məxfiliyə istinad edərək jurnalistin üstündə nə tutulduğunu deməyib.
Azadlıq radiosu