Aparılan islahatlar inkişafa xidmət etmir

İqtisadçı ekspert Rövşən Ağayev

Azərbaycanda son illər islahat kimi təqdim olunan addımların hamısı siyasi mərkəziyyətin maksimum gücləndirilməsinə yönəlib. Dövlət şirkətlərinin hamısının bir idarəetmə çətiri altında birləşdirilməsi, rayon icra başçılarının yenə də birbaşa mərkəzi təmsil edən regional nümayəndələrlə əvəzlənməsi, təyinatı tamamilə fərqli olan təsərrüfatların bir qurumda birləşdirilməsi bunun bariz nümunələridir.
Toplumun gerçək inkişafı üçün ehtiyac isə bunun tamamən əksini – əksmərkəzləşmənin aparılmasını tələb edir.
Siyasi hakimiyyətin cəmiyyətin real ehtiyaclarının tam əskinə qərarlar qəbul etməsi ölkəni sürətlə geriyə aparır. Sadəcə biz bəzəkli qatarın içərisndə hansı tərəfə hərəkət etdiyimizi ayırd edə bilmirik, ya da yatağımızın rahatlığından ayırd etməyə maraq göstərmirik. Bir gün çatdığımız yerin doğurduğu fəsadlar çox böyük olunca, nəticələri çox ağır olacaq.
Biz Cənubi Qafqazın digər 2 ölkəsi ilə birlikdə SSRİ-dən qopmuşuq, amma yerli idarəçiliyin inkişafına, əksəmərkəzləşmə islahatlarına görə az qala aramızda 1 əsrlik fərq yaranıb. Halbuki 30 il əvvəl müstəqilliyin startında biz bütün şərtlərə görə onlardan öndəydik (ən azından geridə deyildik).
Mövzu bura gəlmişkən, dünən qəbul edilən qərarla bağlı bir məqamı da deyim: hər ikisinin adında “su” var deyə bir-birindən tamamilə fərqli təyinata, çox fərqli istehlakçı kontingentinə, çox fərqli infrastruktura və xidmət tələblərinə malik meliorasiya sistemi və içməli su təchizatını vahid qurumun menecmenti altında birləşdirmək ideyası tarixə düşəsi unikal yanaşmadır.
Bu sahələri ortaqlaşdıran heç bir məqam yoxmu? Əlbəttə var –
kəsişən nöqtə hər sahənin bəzi hallarda eyni su mənbələrindən istifadə etməsidir. Məsələn, Samur və Kür çayları həm meliorasiya, həm də içməli su təchizatı üçün istifadə edilir. Bu baxımdan olsa-olsa yalnız su ehtiyatlarının idarə edilməsi vahid qurumun səlahiyyət çərçivəsinə daxil edilə bilər. Amma artıq istehlak məqsədilə su mənbədən götürdükdə, təyinatından asılı olaraq çox fəqli qurumlar bu işin məsuliyyətini üzərinə götürməlidir.
Yəni kəsişən nöqtələr hardadırsa, birgə idarəçilik də yalnız oranı əhatə edə bilər…