Sorğular Ərdoğanın müxalifətdən geri qaldığını göstərir

Yenicə keçirilmiş rəy sorğuları Türkiyə seçkilərində müxalifətin namizədi Kemal Kılıcdaroğlunun prezident Recep Tayyip Ərdoğandan 10 faiz irəlidə olduğunu göstərir.

Reuters yazır ki, sorğular habelə müxalifətin Milli Alyans adlı blokunun Erdoğanın hakim AK partiyası və onun müttəfiqlərindən azı 6 bənd irəlidə olduğunu nümayiş etdirib.

Kürdyönlü Xalq Demokratik Partiyasının (HDP) indilik səslərin azı 10 faizinə sahib olduğu görünür.

Şərhçilər bildirirlər ki, mayın 14-ə təyin edilmiş prezident və parlament seçkiləri Ərdoğanın 20 illik hakimiyyəti üçün ən böyük sınaq olacaq.

Onun partiyasının populyarlığı son illərdə bahalığa görə azalıb. Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən ziyan çəkmiş ənənəvi AKP tərəfdarlarının bir çoxu da mövqeyini dəyişməyi düşünür.

Qarşıdan gələn seçkilər Türkiyəyə təkcə kimin rəhbərlik edəcəyini deyil, həm də ölkənin necə idarə olunacağını, onun Ukrayna müharibəsində və Yaxın Şərqdə oynadığı rolu müəyyən etməlidir.

Teneo mərkəzinin siyasi risk üzrə həmsədri Volfanqo Pikkoli (Wolfango Piccoli) deyib ki, Milli Alyansın indiki üstünlüyünü qoruyub saxlaması üçün onun daha geniş milli cəbhədən çıxış etməsi zəruridir:

“Sadəcə olaraq hər şeyə görə Ərdoğanı ittiham etmək metodu Türkiyədə işləməyəcək. Ötən seçkilər Ərdoğanın fenomenal kampaniyaçı olduğunu nümayiş etdirib, amma son bəyanatları onun populyarlığının və ürəklərə yol tapmaq qabiliyyətinin azaldığını göstərir.”

Azadlıq radiosu