Türkiyə müxalifətinin bloku vahid namizədə görə parçalandı

Türkiyənin sağ təmayüllü İYİ partiyasının lideri Meral Akşener bəyan edib ki, müxalifətin 6 partiyadan ibarət seçki bloku artıq “xalqın iradəsini əks etdirmir”.

Beləliklə, blokun ikinci böyük partiyası müxalifət alyansını tərk edib.

Akşener martın 3-də keçirdiyi mətbuat konfransında deyib ki, onun partiyası müxalifətin prezidentliyə vahid namizədi olaraq İstanbul və Ankara merlərini təklif etsə də, digər beş partiya bu təklifi qəbul etməyib.

Maraqlıdır ki, sözü gedən iki mer əsas 5 partiya tərəfindən vahid namizəd kimi dəstəklənən Kemal Kılıcdaroğlunun Respublika Xalq Partiyasını (CHP) təmsil edirlər.

Şərhçilər bildirirlər ki, Akşenerin mövqeyi qarşıdan gələn seçkidə müxalifətin mövqelərini daha da zəiflədə bilər.

Türkiyə müxalifətinin vahid namizəd məsələsində fikir ayrılığı var idi

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Türkiyədə altı müxalifət partiyasını birləşdirən seçki bloku bəyan edib ki, prezidentliyə vahid namizədin adı gələn həftə elan olunacaq.

Bu namizəd may ayında keçiriləcək prezident seçkisində Recep Tayyip Ərdoğanın rəqibi olmalıdır.

Reuters agentliyinin xəbərində deyilir ki, vahid namizədin bazar ertəsi elan ediləcəyi bildirilsə də, blokun ikinci böyük partiyası – millətçi İYİ partiyasında “bu və digər məsələlərlə” bağlı fikir ayrılıqları var.

Partiya rəhbərliyi bu məsələlərlə əlaqədar buğun – martın 3-də iclas keçirəcəyini bildirib.

Reuters yazır ki, müxalifət ötən seçkidə Ərdoğana və onun hakim Ədalət və İnkişaf (AKP) Partiyasına qarşı ciddi rəqabət apara bilməyib.

Qarşıdan gələn seçki ölkənin cənubunda baş vermiş zəlzələdən üç ay sonraya təsadüf edəcək.

Ərdoğan bu həftə bildirmişdi ki, həm prezident, həm də parlament seçkiləri mayın 14-də keçiriləcək.

Azadlıq radiosu