Azərbaycan rəsmiləri bu gün, martın 1-də Qarabağda erməni icmasının təmsilçiləri ilə görüşüb.
Bu barədə rəsmi AZƏRTAC agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Xəbərə görə, görüş bu gün, martın 1-də Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutub: “Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin mütəxəssislərindən ibarət… monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib”.
Bildirildiyinə görə, görüş zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. “Təmaslar davam etdiriləcək”, – məlumatın sonunda vurğulanır.
Amma, hələlik, bu məlumata Qarabağ ermənilərinin təmsilçilərinin münasibəti bəlli deyil.

Qısa tanışlıq
Deputat Ramin Məmmədov da Qarabağdandır. O, 1979-cu ildə Ağdərə şəhərində doğulub, orta məktəbə isə Şuşa şəhərində gedib. 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət İdarəetmə Məktəbinin təşkil etdiyi “İnkişaf edən liderlər” adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.
İndiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvüdür.
Azadlıq radiosu