Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmadı

“Yolda öd qusub”

Bu gün, fevralın 20-də ictimai fəal Bəxtiyar Hacıyevin həbsinin ev dustaqlığı ilə əvəz olunması istəyi ilə bağlı verilən apellyasiya şikayəti təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesə Hacıyev də gətirilib.

Müdafiə tərəfinin Azadlıq Radiosuna bildirməsinə görə, Hacıyev məhkəməyə məcburi şəkildə gətirilib: “Bəxtiyar səhhəti pis olduğuna görə məhkəmədə iştirak etməməsi üçün ərizə ilə müraciət edib. Amma onu məcburi gətiriblər. Yolda, bildirməsinə görə, öd qusub”.

Hələlik, müdafiə tərəfinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Məhkəmə önündə etiraz aksiyası
Məhkəmə önündə etiraz aksiyası

Bəxtiyar Hacıyevə azadlıq tələb edilib

Bir sıra ictimai fəallar məhkəmə prosesindən sonra Bakı Apellyasiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar “Öldürmə, azad et”, “Azadlıq Bəxtiyarın haqqıdır” şüarları səsləndiriblər.

Polis əməkdaşları etirazçıları ərazidən uzaqlaşdırıb.

Aksiya iştirakçıları bildirib ki, Hacıyev dərhal azadlığa buraxılmalıdır və onlar bu istiqamətdə mübarizələrini davam etdirəcəklər.

Fəallardan Afiyəddin Məmmədov, Samir Sultanov, Nemət Abbasov, Əli Məlikov və Nərmin Şahmarzadənin saxlandığı bildirilir.

Daxili İşlər Nazirliyindən “Turan”a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Vəkili Bəxtiyar Hacıyevin görüşə araba ilə gətirildiyini deyir

“Bəxtiyar Hacıyevin vəziyyəti pisdir”. Bunu AzadlıqRadiosuna fevralın 20-də həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev ilə görüşdən qayıdan vəkil Zibeydə Sadıqova bildirib. Onun sözlərinə görə, fəal 43 günlük aclıq aksiyasından sonra artıq yeriyə bilmir və onu əngəlli insanlar üçün nəzərdə tutulan araba ilə görüşə gətiriblər: “Üzünün rəngi sap-sarıdır, udquna bilmir, güclə danışır, ağzının içi yaradır”.

Vəkil qeyd edib ki, Hacıyevin səhhəti pisləşməyə davam edir: “Çəkisi deməsinə görə, 65 kiloqrama düşüb, əvvəl 84.5 idi. Təzyiqi gah qalxır, gah düşür, hazırda 95/70-dir. Qanda şəkər 3-ə qədər düşüb”.

Vəkilinin açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azadlıq radiosu