“Azərbaycanla Ermənistanın düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir”

“Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir.”

“Azərtac” rəsmi dövlət agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunan “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda söyləyib.

Əliyev hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində iş aparıldığını və tezliklə bunun yekunlaşdırıla biləcəyinə ümid etdiyini deyib.

“Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrin birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər.”-Azərbaycan prezidenti bildirib.

lham Əliyev panel çıxışında “Dağlıq Qarabağ” ifadəsinin daha etibarlı olmadığını deyib.

O bu sözün rus dilindən gəldiyini, amma indi Azərbaycanda belə bir ərazi vahidinin olmadığını deyib.

“…Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”-Əliyev bildirib.

İlham Əliyev Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyi ilə bağlı müzakirələrə Azərbaycanın hazır olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, lakin bu müzakirələr erməni icmasının Qarabağda doğulmuş, həyatı boyunca Qarabağda yaşamış nümayəndələri ilə aparılmalıdır, Qarabağda rəhbər vəzifə tutmaq üçün Rusiyadan ixrac edilmiş şəxslə deyil.

Əliyev müzakirəni aparan moderatorun suallarına cavab olaraq Laçın dəhlizinin bağlanması və Qarabağda yaşayan əhalinin blokadada qalması fikirinin də doğru olmadığını deyib.

Azərbaycan prezidentindən sonra danışan Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcə Dağlıq Qarabağ ifadəsi ilə bağlı İlham Əliyevin səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib. O qeyd edib ki, belə bir ifadə 2020-ci ildə İlham Əliyevin də imza atdığı üçtərəfli sazişdə yer alıb.

Daha sonra Paşinyan 70 gündür Laçın dəhlizinnin bağlandığını bildirib və əlavə edib ki, halbuki üçtərəfli sazişdə Azərbaycan tərəfinin və eləcə də Rusiya sülhməramlılarının laçın dəhlizini açıq saxlamaq öhdəliyi var.

“Amma təssüflər olsun ki, biz indi tam fərqli bir vəziyyətlə üz-üzəyik” – Paşinyan bildirib. Ermənistanın baş naziri Qarabağa elektrik və qaz təminatının kəsildiyini iddia edib. O, Laçın dəhlizinin bağlanmasına, bölgədə yaranmış vəziyyətə beynəlxalq ictimayyətin diqqət yetirməli olduğunu deyib.

İlham Əliyev isə dekabrın 12-dən bu günədək Qarabağa 2500 nəqliyyat vasitəsinin keçdiyini, o cümlədən Qırmızı Xaç Komitəsi tərəfindən də 100-dək pasiyentin Qarabağdan Ermənistana müalicəyə aparıldığını vurğulayıb.

“Əgər yol açıqdırsa, bunu necə blokada adlandırmaq olar?”-Əliyev sual edib.

Paşinyanın çıxışı zamanı müxtəlif məsələlərə toxunub, o deyib ki, hətta dəhşətli müharibədən sonra ölkəsi üç dəfə demekratik, azad seçki keçirib, hansı ki, bu bütün dünyada sərbəst, azad və şəffaf seçkilər kimi tanınıb. O problemlərin həll yolunun demokratiya olduğunu deyib. Bu zaman yayım kəsilib.

Sosial şəbəkələrdə Azərbaycan televiziyasının yayımı Paşinyanın demokratiya və azad seçki fikirlərindən sonra qəsdən kəsdiyi kimi iddialar səslənib. Amma bir qədər sonra AZTV-yə məxsus sosial şəbəkələrdə canlı bu yayımın tədbir təşkilatşlarının siqnalı kəsməsi səbəbindən dayandığı bildirilib.

Azadlıq radiosu