Türkiyə və Suriyada zəlzələdən bir həftə keçir, təbii fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir. Zəlzələ qurbanlarının ümumi sayı 33 mini keçib. Bu, Türkiyədə 1939-cu ildən bəri ən çox ölümlə nəticələnmiş zəlzələ hesab olunur.
“Reuters” xəbər verir ki, Türkiyənin cənubundakı Antakya şəhərinin mərkəzi rayonlarından birində şirkətlər mağazalarını qarətdən qorumaq üçün boşaldıblar.
Yerli sakinlər və digər şəhərlərdən gələn yardım işçiləri təhlükəsizlik şəraitinin pisləşməsindən, dağılmış şirkət və evlərdən oğurluq hallarından gileyləniblər.
Prezident Rəcəb Tayyib Ərdoğan hökumətin talançılara qarşı sərt tədbir görəcəyini deyib.
Suriyada özlərini “atılmış hiss edənlər”
Suriyada üsyançıların əlində olan şimal-qərb hissəyə hökumətin nəzarətində olan ərazilərlə müqayisədə daha az yardım çatdırılıb.
“Suriyanın şimal-qərb hissəsində adamlara kömək edə bilməmişik. Onlar haqlı olaraq özlərini atılmış hiss edirlər”, – BMT-nin yardım üzrə başçısı Martin Qriffis (Martin Griffiths) Türkiyə-Suriya sərhədindən tvitində yazıb.
Vaşinqton Suriya hökumətini və ölkəyə nəzarət edən digər qüvvələri ehtiyacı olanlara humanitar yardıma çıxışa dərhal imkan verməyə çağırıb.
Sağ qalanlar
Zəlzələdən artıq tam bir həftə keçməsinə baxmayaraq, hələ də dağıntılar altından sağ qalanlar çıxarılır. Çinli xilasedicilər və türkiyəli yanğınsöndürənlər 54 yaşlı suriyalı Malik Milandini çıxarıblar. O, Antakyada dağıntılar altında 156 saat qalıb.
“Reuters” agentliyi bəzən nəqliyyat vasitələrinin dayandığını, xilasedicilərin dağıntılar altında həyat işartılarını aşkarlaması üçün sükuta ehtiyac yarandığını yazır.
Bazar günü ata və qızı, bir körpə və 10 yaşlı bir qız da çıxarılıb, ancaq getdikcə belə səhnələr azalır, ölü sayı isə amansızcasına artır.
Azadlıq radiosu