Bugünlərdə sosial mediada İranın Xoy əyalətindəki zəlzələdən sonra insanların çadırlarda, ağır şəraitdə problemlərlə üz-üzə qalması müzakirələrə səbəb olub. Onlar yanvarın 29-dakı zəlzələdən xeyli vaxt keçsə də, mərkəzi hökumətin kömək göndərməməsindən gileylənirlər.
Ümumiyyətlə, Tehran hökuməti azərbaycanlıların sıx yaşadığı bölgələrin problemlərini nə dərəcədə diqqətdə saxlayır?
“Bu millətə bunlar sahib çıxmadı”
İranda yaşayan, adının çəkilməsini istəməyən azərbaycanlı fəal da bildirir ki, Xoyda durum acınacaqlıdır, ancaq buna baxmayaraq, əhali oranı tərk etmir: “Hava şəraitinə baxmayaraq, millət orda dayanıb, öz torpaqlarını buraxıb getmir. Bu millətə bunlar (İran hökuməti) sahib çıxmadı, başlı-başına buraxıblar. Dərhal milli hərəkat məsələyə qarışdı, maddi və mənəvi yardım ilə bağlı əhaliyə müraciət etdilər”.

“Amerikanın səsi” yazır ki, İranın hökumət rəsmiləri zəlzələdən zərər çəkmiş bölgələrdə çadır, istilik cihazları və qida paylanmasında çatışmazlıq olduğunu etiraf ediblər. “Təsnim” xəbər agentliyi isə yazır ki, İran prezidenti İbrahim Rəisi fevralın 5 də zəlzələ bölgəsinə baş çəkib, burdakı əhaliyə mümkün qədər tez problemləri çözməyə çalışacaqlarını deyib.
“Burada ölkənin iqlimini bir-birinə vurublar”
İrandakı fəal deyir ki, hökumət hər zaman burdakı etniklərə biganəlik göstərib. Xoydakı durum da bunun bir nümunəsidir: “Bildiyiniz kimi, Urmu gölü məsələsi Xoy zəlzələsindən böyük cinayətdir. Burada ölkənin iqlimini bir-birinə vurublar. Güney Azərbaycan məsələsinə, coğrafiyasına baxanda demək olar ki, İranda yaşayan millətlərin çoxu zülm altında yaşayır. Amma Güney Azərbaycan milləti əsarət altında yaşayır..”.
10 ildən çoxdur ki, İrandakı milli fəallar Urmiya gölünün quruması ilə bağlı vaxtaşırı etiraz aksiyaları keçirir. Fəallar hesab edir ki, hökumət gölün qurumasının qarşısını almaq üçün ciddi addımlar atmır.
Azadlıq radiosu