Niyə Əliyev Bəxtiyar Hacıyevə düşmən kəsilib?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı

Bəxtiyar Hacıyev şərlənərək həbs olunub və bu şəri dağıtmaq üçün qanun deyilən bir şeyin “Q” hərfinin olmadığı bir cəngəllikdə yeganə gücü çata biləcəyini edir, həyatını riskə atır, 28 gündür aclıq edir.
Bunu bu ölkədə hamı bilir, hamıdan da yaxşı İlham Əliyev bilir. Amma onun bir gəncin, bu ölkənin bir vətəndaşının həyatının günü-gündən sönməsini cinayətkar bir laqeydliklə seyr etməsini görmək qan dondurur.
Niyə Əliyev Bəxtiyar Hacıyevə düşmən kəsilib? Ona görə ki, Bəxtiyar onun “yetişdirdiyi” gənclərdən deyil. Əliyevin “mənim yetişdirdiyim gənclik” deməsi, onun “mən hər şeyi hamıdan yaxşı bilirəm” deməyindən heç nə ilə fərqlənmir. Kal bir insanın düşə biləcəyi iddiadır.
Əliyev kimisə yetişdiribsə də onların səviyyəsi bütün başqa “yetişdirdiklərindən” – talanıb dağılmış dövlət, məhv edilmiş hüquq, öldürülmüş mətbuat, boğulmuş azadlıqların səviyyəsindən artıq ola bilməz. Əliyev nəyi isə yetişdiribsə müharibədə 3 min gəncin qanı hesabına qazanılan zəfəri yarımçıq dayandırıb da masa arxasında bütün uğurları güdaza vermək səviyyəsində yetişdirə bilər. Əliyev dünyanın ən güclü təhsil müəssisələrinin yetişdirdiyi gənclərimizi rəngsizləşdirib, qabiliyyətsizləşdirib trola çevirib. Gücü, idrakı buna çatıb.
Bir xalq ağıllı, güclü, iradəli, azad insanları ilə güclüdlr. Belə insanların xüsusi çəkisinin gənclərimizin arasında çox olması xalqın gələcəyini aydın edir. Bəxtiyar Hacıyev gələcəyimizin aydın olmasına qatqı verə biləcək gənclərimizdəndir. Və belə gənclərimizin axırına çıxmağı belə rahatlıqla bacaran birisi prezident ola bilməz.
Əgər söhbət güclüyəm deyib lotuluq etməkdən gedirsə, buna heç “lotuluq” da demək olmaz. Çünki özü oğru olmaqla deyil, oğru aləmi də “bespredeli” qəbil etmir.
Bəxtiyar Hacıyevin dərhal azad edilməsini tələb edirəm.