Ermənilərin Xankəndində azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlər?

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Mən 4-5 il əvvəl “Azərbaycanda Sovet liberalizmi: Hakimiyyət. Ziyalılar. Xalq. (1959-1969)” kitabını yazanda orada “1967-ci ildə Stepanakertdə qanlı hadisələr” adlı bölmə üzərində işləyirdim. Bilirdim ki, Martuni rayonu Kuropatkin kəndindən olan 3 nəfər azərbaycanlını (Ərşad Məmmədov, Ələmşad Məmmədov və Zöhrab Məmmədov) günün günorta çağı Xankəndinin (ovaxtki Stepanakert) mərkəzində ermənilər od vurub yandırıblar. Halbuki, Zöhrab Məmmədovun günahı sübuta yetirilmədiyi üçün məhkəmə zalanda azad edilmişdi. Ələmşad Məmmədova ölüm cəzası, Kuropatkin kənd məktəbinin direktoru Ərşad Məmmədova isə 15 il iş verilmişdi. Məhkəmənin Ali Məhkəmənin hakimi Sabir Rəzzaqov aparırdı. Ermənilər onu da öldürmək istəyirdi. Lakin mühafizə hakimi qaçıra bilmişdi. Bu hadisənin mənzərəsini mən qeyd edilən kitabda vermişəm. Amma!

Ammaya keçməzdən əvvəl qeyd edim ki, hazırda xalqları daha çox sülhə hazırlamaq lazımdır. Lakin tarixi, olubkeçənləri də unutmaq lazım deyil. Çünki təhlükə tam sovuşmayıb. Amma isə ondan ibarətdir ki, o zaman bu qanlı hadisənin tam təfsilatın yazmaq üçün mən Azərbaycan arxivlərindən çox vacib olan bir sırsa sənədləri istəsəm də, həmin sənədləri müxtəlif bəhanə ilə vermədilər. Amma onların surətini biz Rusiya Dövlət Ən Yeni Tarix Arxivində tapa bildik. Əgər sənədin surəti Rusiyada varsa, deməli əsli Bakıda var. Sadəcə tədqiqatçılara vermirlər.

Deməli həmin sənədlərin çox vacib bir qismi “Qarabağ üzrə sənədlər” qovluğunda 1967-ci ilin iyul ayının 14-də Azərbaycan KP MK-nın xüsusi şöbəsinin rəisi Yakov Kirsanovun imzası ilə verilib Sov. İKP MK-nın Partiya Orqanları ilə İş şöbəsinin bölmə müdiri Yuri Starçenkoya. Starkenko özü Vəli Axundov və digər Azərbaycan rəhbərliyi ilə birlikdə hadisədən sonra Stepanakertdə olmuşdu.

O səndələr hansılar idi?
1.Azərbaycan DTK-nın ikinci şöbəsinin rəisi Əbdül Xalıqov tərəfindən hazırlanmış “Azərbaycan SSR DQMV-də millətçilik cəhdlərinin təzahürləri haqqında arayış”

  1. Azərbyacan DTK-nin Stepanakertdəki müvəkkili Markorov tərəfindən hazırlanmış “DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsini tələb edən, Sov.İKP MK-nın ünvanına millətçi və böhtançı xaraktarli məktublar yazılmasını təşkil edən şəxslərin siyahısı.
  2. Azərbaycan DTK-nın ikinci şöbəsinin rəisi polkovnik Əbdül Xalıqov tərəfindən hazırlanmış “1967-ci il qanlı hadisələrini törətmək üçün 1967-ci ilin iyul ayının 3-də Yerevandan gəlib Stepanakertdə mehmanxanada qalan və iyulun 4-də geri şəxslərin siyahısı.
  3. Azərbyacan DTK-nin Stepanakertdəki müvəkkili Markorov tərəfindən hazırlanmış DQMV-nin Ermənistana birləşdirilməsinin zəruriliyi haqqında imza toplanmasını təşkil edən şəxslərin siyahısı.
    5 – 6 – 7. Stepanakertdə yaşayan ermənilərin SSRİ-nin müxtəlif şəhərlərində yaşayan ermənilərlər ilə müsadirə olunmuş yazışmaları.
  4. Ermənilərin Stepanakert və DQMV-də yaydığıqları millətçi vərəqələr
  5. Azərbaycan KP MK-nın katibi Vəli Axundovun 3 iyul 1967-ci il tarixli Stepanakert hadisələri barədə Sov. İKP MK-ya məktubu.

Hamısı, xüsusi ilə Stepanakertdə yaşayan ermənilərin SSRİ-nin müxtəlif şəhərlərdə yaşayan ermənilərlə yazışmaları və oradakı ritorika çox dəhşətlidir. Bu sənədlər həm Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, həm də DTX-nin arxivində var. Amma tədqiqatşılara vermirlər. Mən sonucu dəfə DTX Arxivinə müraciət edəndə Arxivin DTX və Xarici Kəşfiyyat İdarəsi arasında bölünməsi işlərini əsas gətirib sənədləri verməkdən yazılı imtina etdilər. Biz də onları böyük çətinliklərdən sonra Rusiya arxivlərindən əldə etdik.

Hələlik həmin sənədlərdən birini – Azərbaycan DTK-nın ikinci şöbəsinin rəisi polkovnik Əbdül Xalıqov tərəfindən hazırlanmış “Azərbaycan SSR DQMV-də millətçilik cəhdlərinin təzahürləri haqqında arayış”ı Sizinlə paylaşıram. Çox maraqlı arayışdır, özünüz tanış olun. Digərlərini də növbəti postlarda paylaşacağam.