Milli Şuranın sədri, professor Cəmil Həsənli
İki gündür ölkə saytları (“Qafqazinfo”, Unikal.az və sair) Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulması haqqında məlumat yayırlar. Məlumatda deyilir ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub. Və o da vurğulanır ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir.
Maraqlı ifadədir bir milyarda dolları (bir milyard yeddi yüz milyon manatı) “ölkədən çıxararaq” Riqadakı bankda oğlunun adına yerləşdirib. Bir milyard yeddi yüz milyon manat Azərbaycanın ötən ilki büdcəsində səhiyyə xərclərinə (1 708 797 316,0 manat) bərabərdir, elm xərclərindən (204 937 485,0 manat) isə 8 dəfə çoxdur . Niyə bu iki nümunəni gətirirəm. Bir neçə il əvvəl Yaqub müəllimin diş problem olmuşdu və dişlərinin müalicəsi üçün 800 min avro xərcləməli olmuşdu. Elm büdcəsinə gəldikdə isə Yaqub müəllim texnika elmləri doktoru, professordur, hələ əlavə olaraq Beynəlxalq Mühəndis Akademiyasının da akademikidir.
“Səmərəli” fəaliyyətinə və işgüzarlığına görə İlham Əliyev Yaqub müəllimi 2015-ci ildə “Şərəf” ordeni ilə təltif edib, “Şərəf”ə qədər olanları da daha əvvəl alıb. Eyni ilə həmin il Belarus prezidenti Aleksandr Lukaşenko Yaqub Eyyubovu Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə “Şərəf” ordeni ilə təltif edib. Əlavə ollaraq 2016-cı ildə Vladimir Putin tərəfindən Rusiyanın “Dostluq” ordeni ilə təltif edilmişdir. Hər iki ölkə Azərbaycanın silah ticarətində əsas tərəfdaşı olub. Yaqub Eyyubov da uzun illər, silah müamiləsi üzrə İlham Əliyevin əsas nümayəndəsidir. İyirmi ilə yaxındar büdcə hesabına olan tikintilər Yaqub müəllimin əlindən gəlib keçir. Niyə də olmasın?
Əgər xatırlayırsınızsa bir neçə il əvvəl “Azərbaycan Çamaşırxanası”nda Yaqub Eyyubovun adı keçirdi. Amma araşdırılmadı. Saleh Rüstəmlinin məhkəməsində maraqlı bir fakt oldu. Kimsə ianə məqsədi ilə Aqil Əli Məhərrəmin kartına 20 manat pul keçirmişdi. Prokurorluğun tələbi, müstəntiqin təqdimatı ilə həmin 20 manat müsadirə edilib Dövlət Büdcəsinə keçirildi. Bəs bu bir milyard dollar və ya 1,7 milyarda manat necə “ölkədən çıxarılıb” ki, ondan reydlər keçirib rayon arxitektorları, sosil idarə rəisləri, icra başçıları, mədəniyyət nazirliyi işçilərini korrupsiya əməllərinə görə ifşa edən DTX-nın, DİN-in, Prokurorluğun bundan xəbəri olmayım? Hələ ona yaxın korrupsiyaya qarşı mübarizə komitə və komissiyaları demirəm. Bəlkə heç bu pulların çoxu ümumiyyətlə ölkəyə gəlib çıxmayıb, elə çöldən – çölə gedib Riqaya çatıb. Söhbət 20 manatdan yox, bir milyard 700 milyon manatdan gedir cənablar. Şəhid ailəsinə, müharibə əlilinə, pensiyaçıya normal pensiya verə bilmirsiniz, 2 milyon uşağa haqq etdiyi uşaq pulunu vermirsiniz, amma Baş Nazirin birinci müavinin uşağının adına Riqadakı bankda bir milyard dollara stop qoyulur!? Yeri gəlmişkən bu hələ bir bankda aşkara çıxandı.