Belə ədalətsiz pensiya qanunvericiliyi harada var?

İqtisadçı alim Qubad İbadoğlu

İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli sərəncamı ilə pensiyaların minimum məbləği 280 manat müəyyən edilib. Bu o deməkdir ki, hazırda minimum məbləğlə pensiya hüququnu əldə etmək üçün siğorta hesabınızda ən azı 40 min 320 manat (280 manat x 144 ay) toplanmalıdır, Bu rəqəmi yadda saxlayın!
Hesablamalar göstərir ki, 40 min 320 manatı ayda 500 manat maaş alan şəxs 30 ilə toplaya bilər. Belə ki, aylıq 500 manat maaş ildə 6000 (500 manat x 12 ay) manat edir, onun da 25 faizi və ya ildə 1500 manatı pensiya fonduna köçürürülür, pensiya fondu yığılmış sığorta kapitalının 10 faizini idarə saxlanma xərcləri kimi özünə götürür, 90 faizini sizin hesabınızda yerləşdirir, yəni hər il 150 manatı çıxıb yerdə qalan 1350 manatı şəxsi sığorta hesabına yükləyir.
İndi gəlin hesablayaq görək, ildə 1350 manat sığorta kapitalı hesabı ilə 40 min 320 manatı neçə ilə yığa bilərik. 40320/1350 = 29,86. Deməli minimum məbləğdə pensiya almaq hüququ qazanmaq üçün 30 il faisləsiz işləmək və hər ay da orta hesabla 500 manat maaş almaq lazımdır.
Məsələ burasındadır ki, minimum məbləğdə pensiya almaq hüququ qazanmaq üçün tələb olunan məbləğ 2023-cü il üçün 40 320 manatdır, gələn il minimum pensiyanı 320 manata qaldıranda bu məbləğ 46080 manat olacaq, onda 500 manat əmək haqqı alan 34,1 il işləməli olacaq, 2025-ci ildə minimum pensiyanı 360 manata qalxanda bu məbləğ 51840 manat olacaq, onda 500 manatlıq əmək haqqı ilə 38,4 il fasisləsiz işləmək lazım olacaq. Beləliklə biz pensiya kapitalının dalınca qaça-qaça ömürümüz də gedəcək, axırda da deyəcəklər sizə pensiya deyil, yaşa görə müavinət düşür, gedin onu alın. Bu gedişatla da ölkədə pensiya alanların sayı da ildən-ilə sürətlə azalacaq.
Bilən varsa, yazsın görək belə ədalətsiz pensiya qanunvericiliyi hansı ölkədə vardır?