Milli Şuranın sədri, professor Cəmil Həsənli
Şübhəsiz ki, Dövlət Statistika Komitəsi tərəfindən “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında” qərara edilən son dəyişikliklər antikonstitusyondur. Vətəndaşların ölkə daxilində sərbərst hərəkətinə məhdudiyyət qoyur. Yəni haradasa 60 gündən artıq qalırsansa 7 gün ərzində qeydiyyata düşməlisən. Belə baxıram xaricilərə qoyulan məhdudiyyətlər bu qanunla Azərbaycan vətəndaşlarına qoyulur.
Niyə hökumət buna gedir? Əlbəttə, ilk növbədə əhalinin yerdəyişməsi nəzarət altına alınır, kimin harada yaşadığına nəzarət altına alır. Vətəndaşları izləməyin “qanuni” əsasların əldə edir. Bu dəyişikliklərdən sonra polis istənilən vaxt istənilən vətəndaşı saxlayıb sorğulaya bilər, sənədlərin tələb edə bilər. Digər tərəfdən daha bir cəriməni əhalinin belinə yükləməklə (bu qaydanı pozan 30 manat cərimə edilir) büdcəyə əlavə (vətəndaşların hesabına) vəsaitin toplamaq. Bu cərimə bu gün 30 manatdır, sabah 50 manat, o biri gün də 130 manat olacaq. Son illərdə elə cərimələr var ki, məbləği 200-250 dəfə artıb.
Büdcəyə əlavə vəsait daxil olmasından başqa bu dəyişiklik kütləvi rüşvətxorluğa yol açır. Polis orqanları üçün əlavə rüşvət yerləri təmin edir. Qeydiyyat pulsuzmu olacaq? Yəqin ki, yox. Deməli vətəndaş həm də qeydiyyat resumu ödəməli olacaq. Bundan əlavə vətəndaş 60 gündən artıq qalırsa 7 gün ərzində harada qeydiyyata düşməlidir? Bu da bir sualdır. Harada olacaq bu qeydiyyat: Miqrasiya xidmətində, yoxsa DİN orqanlarında? Bunun üçün qeydiyyata düşdüyü yerin razılığı olmalıdırmı? Məsələn, adam mülkiyyət sənədin qeydiyyat idarəsinə aparıb razılıq verməlidir ki, mən bu adamın mənim mənzilimə müvəqqəti qeydiyyata düşməsinə razıyam və s.
Əlbəttə burada bir məqsəddə rayonlardan Bakıya axının qarşısını almaqdır. Amma bu regionların sosial – iqtisadi inkişafı hesabına olmalıdır. Son 15 ildə regionların sosial-iqtisadi inkişafı adı altında 70 milyard dollar ətrafında vəsait xərclənsə də, ortada bir şey yoxdur. Region əhli iş, çörək, dolanışıq tapa bilmir, 5-10 manat qazanc dalınca Bakıya gəlməli olur. Cərimə tətbiq etməklə axının qarşısını almaq inzibati yoldur. Bu onun etirafıdır ki, hökumət regionları inkişaf etdirə bilmədi və son nəticədə axının qarşısını almaq üçün cərimə yolunu seçdi.
1955-ci ilə qədər SSRİ-də kənd əhalisinin yerdəyişməsinə icazə verilmirdi. Həmin il SSRİ Nazirlər Soveti kənd əhalisinin pasportlaşdırılması haqqında qərar qəbul etdi. Və bu qərədan sonra Sovet İttifaqında kəndlərdən şəhərləri (o cümlədən Bakıya) axın başladı. İndi deyəsən biz təzədən SSRİ-nin 1955-ci ildə ləğv etdiyi məhdudiyyətlərə qayıdırır.
Yeri gəlmişkən bu əlavələr Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla – ilk növbədə Avropa İnsan Haqları Xartiyası ilə də ziddiyyət təşkil edir.